“Ermənilərin seçkilərdə iştirakında problem yoxdur” – deputat Azərbaycanın şərtlərini açıqladı

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı, Prezident İlham Əliyev sərəncam imzalayıb. Növbədənkənar prezident seçkiləri ilə bağlı bir çox sual olsa da əsas diqqətçəkən məqam Qarabağ erməniləri ilə bağlıdır.

Maraqlıdır, seçkilərdə Qarabağ erməniləri də iştirak edəcək? Ümumiyyətlə Qarabağ erməniləri geri qayıdacaq?

Səməd Seyidov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Səməd Seyidov deyib ki, növbədənkənar Prezident seçkiləri ilk dəfədir ki, suverenliyini tam bərpa etmiş, torpaqları işğaldan azad edilmiş, Azərbaycanın bütün ərazilərində keçiriləcək:

“Azərbaycan vətəndaşları bu seçkilərdə iştirak edib öz namizədinə səs verəcək. Mən Azərbaycan vətəndaşı sözünü işlədərkən buna konstitusiyaya riayət edən, vətəndaşlığımızı qəbul etmiş hər kəsi aid edirəm. Bu kriteriyalara uyan bütün vətəndaşlar millətindən, dini görüşündən, irqindən asılı olmayaraq seçkilərdə iştirak edə bilər.
Azərbaycan tolerant, multikultural ölkədir. Harmoniya ilə bütün insanlar sülh və əmin-amanlıq şəklində yaşayırlar. Azərbaycan konstitusiyası da bütün vətəndaşlarımıza eyni cür yanaşır. Bu mənada ermənilərin də seçkilərdə iştirak etməsində heç bir problem yoxdur”.

S.Seyidov Qarabağ ermənilərinin Azərbaycana qayıtması haqda danışıb:

“Azərbaycan dəfələrlə Qarabağ ermənilərinin geri qayıda biləcəyini deyib. Bizim üçün əsas məsələ vətəndaşlığın qəbul edilib, konstitusiyamıza əməl edilməsidir. Bu baş verəcəyi təqdirdə onlar qayıda bilər. Başqa bir düşüncəsi olan heç bir şəxs geri dönə bilməz”.

Turan Rzayev
Globalinfo.az