Qarabağ ermənilərinə Azərbaycanda vəzifə veriləcək? – AÇIQLAMA

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan xalqı vahiddir və bu vahidlik Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün vətəndaşlarının ümumi və bölünməz vətənidir. Eyni zamanda dövlət etnik mənsubiyyətindən, dinindən, dilindən, əqidəsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi başa çatdıqdan sonra ermənilərə Azərbaycanda vəzifə verilməsi haqda danışarkən deyib.

O bildirib ki, ölkəmizdə 30 mindən çox erməni var:

“Bu gün Bakıda 30 mindən artıq erməni məhz bu təminatdan faydalanaraq öz etnik mənşəyini gizləmədən, heç bir diskriminasiyaya məruz qalmadan rahat formada yaşayır. İndi əgər konstitusion səviyyədə belə təminatlar mövcuddursa, habelə Azərbaycan paytaxtında Ermənistanın özündə mövcud olan 46 şəhərin 39-dan daha çox erməni heç bir ayrı-seçkiliyə məruz qalmadan rahat şəkildə yaşayırsa, Qarabağda da 20-25 minlik erməni əsilli vətəndaşın hüquq və azadlıqları ilə bağlı məsələlərə əlahiddə yanaşılmasına ehtiyac yoxdur. Hamı necə, onlar da elə”.

Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, ermənilər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə edərək ölkəmizdə yaşaya biləcəklər:

“Bununla bağlı cənab İlham Əliyev ən ali səviyyədə təminat verib və erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət edilməsi bizim niyyətimizin göstəricisidir. 30 illik münaqişə dövrü və hazırda reinteqrasiya istiqamətində səylərimiz Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə xüsusi haqq tanınması üçün əsas sayıla bilməz. Əksinə, onlar Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmaqda özləri maraqlı olmalı, bu cəmiyyət üçün hansısa töhfələr verə biləcəklərini, yenidən xəyanətə alət olmayacaqlarını sübut etməlidirlər.

Bəli, biz yeni bir səhifə açmaq istəyirik, lakin cənab Prezidentin Talış kəndindən də bəyan etdiyi kimi, “sanki heç müharibə olmayıb, sanki işğal olmayıb kimi davranmayacağıq və torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır”.

Zaira Akifqızı
Globalinfo.az