Erməni ordusu sərhəddə 150 günlük “qanunu” pozdu – “Artıqlaması ilə cavab veriləcək”


Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşündən sonra müsbət mesajlar səsləndirilməyə başlandı. Ardınca Nikol Paşinyan Fransaya səfər etdi və burada “France 24” telekanalına müsahibədə Azərbaycana qarşı siyasi, diplomatik “atəş açdı”. Bununla paralel olaraq isə Ermənistan ordusu Kəlbəcər və Naxçıvanda son günlər atəşkəsi pozur. Ümumilikdə hərbi planda aktivlik var.

Maraqlıdır, bunlar Fransanın göstərişi ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, son aylarda Fransanın Ermənistana birmənalı şəkildə dəstək verdiyinin şahidiyik:

“30 illik işğal tarixinə malik, hələ də Azərbaycan ərazilərini işğalda saxlayan, rəsmi Bakıya qarşı mina terrorunu şərti dövlət sərhədində davam etdirən, atəşkəsi pozan Ermənistanın Fransa tərəfindən dəstəklənməsi müsbət heç nə vəd etmir. Ümumiyyətlə, Ermənistan birinci dəfə deyil ki, havadarları tərəfindən silahlandırılır. Artıq ikinci əsrdir ki, bu proses eyni formatda sadəcə havadarları dəyişməklə davam edir. Son 4 ildə İrəvanın törətdiyi təxribatların nə ilə nəticələndiyi hamıya məlumdur”.

Ədalət Verdiyev

Hərbi ekspertin fikrincə, Fransa müdafiə nazirinin Ermənistana səfəri çərçivəsində İrəvana silahların verilməsi onu cəsarətləndirir:

“Rəsmi İrəvan getdikcə atəşkəs pozuntularının coğrafiyasını genişləndirir. 5 aylıq fasilədən sonra əvvəlcə Qafan rayonu istiqamətindən, ardınca Kəlbəcər və Naxçıvanda atəşkəsin pozulması öz məntiqi cavabını alacaq. Daha əvvəl də bu kimi halların şahidi olmuşuq. Ehtimal ki, Fransa Ermənistanı daha böyük toqquşmaya hazırlayır. Bütün bu hazırlıqları nəzərə alan Silahlı Qüvvələrimiz zərurət yarandıqda bu cür təxribatlara kifayət qədər tutarlı, adekvat və səmərəli cavab verəcəklər”.

Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Münhen görüşü zamanı müəyyən müsbət irəliləyişlər əldə edilsə də, Nikol Paşinyan yenə məsələni qəlizləşdirməyə çalışdı:

“Parisdə Emmanuel Makronla birlikdə Azərbaycan əleyhinə verilən bəyanatlar şübhəsiz ki, sülh müqaviləsini pozmağa yönəlmiş addımlardır. Erməni diasporunun əlində oyuncağa çevrilmiş Fransa prezidenti Emmanuel Makron və onun hökuməti israrla bölgədə sülh yaranmamasına çalışır. Fransa da hər zaman erməni təşəbbüsünü çəkən bir dövlət olub. İstər Ermənistan daxilində, istər xaricində revanşist qüvvələr mövcuddur. Erməni diasporu və onların əsasən ələ aldığı Fransa sülhün yaranmasına mane olmağa çalışır”.

Politoloq vurğulayıb ki, Fransanın Ermənistanı silahlandırması, xüsusilə son görüşdə bu məsələ ilə bağlı əməkdaşlığın daha da dərinləşməsi barədə verilən açıqlamalar Parisin bölgədə sülhün əldə edilməsinə necə mane olduğunu, erməni hökumətini müharibəyə təhrik etdiyini göstərir:

Zeynal Əmrəliyev

“Fransa illər boyu ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində vasitəçilik etdiyini göstərsə də, Ermənistanı müdafiə edirdi. Ancaq biz 44 günlük müharibədən sonra Fransanın maskasının tam cırıldığını gördük.

Əgər Ermənistan yenidən revanşa cəhd edərsə, Azərbaycan Ordusu cavabını artıqlaması ilə verəcək. Ən müasir silahlarla silahlanmış və yüksək peşəkarlığa malik Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır. Ermənistanı idarə edənlər bunu nəzərə almalıdırlar, çünki daha bir savaş onun ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək. Ermənistanın tez-tez atəşkəsi pozması və artan təxribatlar göstərir ki, bu ölkə sülh müqaviləsində çox da səmimi deyil. Münhendə başqa cür, Parisdə başqa cür danışmaq Paşinyanın necə qeyri-səmimi olduğunu göstərir. Ermənistan bu cür davrandıqca bölgəyə sülh gəlməyəcək”.

Safura Bənnayeva
Globalinfo.az