Ərdoğanla Əliyevin Paşinyan haqda razılaşması – Telefon danışığının kritik məqamları

Mövcud gərginlik fonunda Ermənistan Baş nazirinin ofisi Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının baş tutması üçün ciddi cəhdlər göstərir. Belə bir məqamda Prezident İlham Əliyevlə Türkiyə lideri R.T.Ərdoğan arasında telefon danışığı olub və müxtəlif məsələlərlə yanaşı, bu məqam da müzakirə olunub, Azərbaycanın mövqeyi öyrənilib.

Azərbaycan rəhbərliyi həmişə olduğu kimi konstruktivlik və dialoqa açıqlıq nümayiş etdirərək, Türkiyə və Ermənistan rəhbərləri arasında təmasa etiraz etməyib.

Maraqlıdır, Ərdoğanla Paşinyan arasında telefon danışığı nələri dəyişəcək? Hərbi qarşıdurmanı sülh danışıqları əvəz edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Türkiyə-Ermənistan danışıqlarından narahat deyil:

“Ümumiyyətlə, Türkiyə Ermənistanla bağlı məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır. İki ölkənin dövlət başçıları, eləcə də digər rəsmiləri vaxtaşırı bir araya gəlir, telefon bağlantısı qurur. Əslində, bunlar atılacaq addımlarda bir-birinin maraqlarını nəzərə almağa hesablanıb.

Rəsmi Bakının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı yanaşması bəllidir. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə paralel aparılmalıdır.

Qabil Hüseynli

Azərbaycan hərbi qarşıdurmada maraqlı deyil. Ümumiyyətlə, biz heç vaxt Ermənistanla müharibə etmək niyyətində olmamışıq. Lakin Ermənistan həm regionda gərginliyi artırır, həm təxribatlar törədir, həm də sülh prosesindən yayınır. Yəni indiki məqamda gərginlik olsa belə, bunun məsuliyyətini Ermənistan daşıyır.

O ki qaldı Ərdoğan-Paşinyan telefon danışığına, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsində olduğu kimi, Ermənistanla Azərbaycan arasında da vasitəçi ola bilər. İrəvan buna razı olsa, proses qan tökülmədən yekunlaşa bilər”.

Turan Rzayev
Globalinfo.az