Ərdoğanla Əliyevin ayaqüstə alqışladığı “Çırpınırdı Qara dəniz” necə yarandı?

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Rəsmi qarşılanmadan sonra “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Ziyafət konsert proqramı ilə davam edib.

Ziyafət zamanı müğənni Azərin “Çırpınırdı Qara dəniz” mahnısını ifadə etdikdən sonra dövlət başçıları onu ayaqüstə alqışlayıb.

“Çırpınırdı Qara dəniz” bəstəsi və şeir necə yaranıb?

Globalinfo.az Azərbaycanda və Türkiyədə populyar olan, sevilən, müxtəlif rəsmi tədbirlərdə, şənliklərdə, toy və nişan mərasimlərində oxunan bu möhtəşəm əsərin ərsəyə gəlmə tarixi haqda maraqlı faktları təqdim edir.

“Çırpırdırdı Qara dəniz” şeiri 1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsinə girməsini böyük maraq və həyəcanla izləyən Azərbaycan şairi Əhməd Cavad tərəfindən yazılıb.

Sonradan Üzeyir Hacıbəyli Nuri Paşanın komandanlığı altında Osmanlı əsgərlərinin Azərbaycan türklərini erməni və rus soyqırımından xilas etmək üçün göstərdikləri fədakarlığa ithaf olaraq bu şeirə musiqi bəstələyib. Bəzi mənbələrə görə Əhməd Cavad şeiri Gəncədə yazıb.

Birinci Dünya Müharibəsi illərində Əhməd Cavad Türkiyəyə gələrək müxtəlif cəbhələrdə, xüsusilə Çanaqqalada türk düşmənlərinə qarşı vuruşub. O, “Bakı Müsəlmanları Dərnəyi Xeyriyyə” adlı vəqf vasitəsilə erməni zülmünə məruz qalmış Qars, Ərdahan və Oltuya gəlib, uzun müddət orda müharibə zamanı valideynlərini itirmiş uşaqların yemək və geyim ehtiyaclarının qarşılanmasında mühüm işlər görüb.

Əhməd Cavad o günlərlə bağlı xatirələrində bunları yazıb:

“Qarsa, Ərdahana getdiyimizə o qədər sevindilər, o qədər sevindilər ki, göz yaşlarımızı saxlaya bilmədik. Onların solğun dodaqlarında boyasız təbəssümlə bu sözləri eşidirdik: “İnsan öləndə qardaşının qucağında ölməlidir. Yaşasın qardaşlarımız”. Bu sözlər qardaşının köməyinə gələn Azərbaycan xalqına minnətdarlıq cavabı idi”.

Azərbaycanın və Türk Dünyasının bu böyük şairi, Turan sevdalısı Əhməd Cavad 1937-ci ildə Stalin repressiyasına məruz qalan aydınlardan olub. Onu “türk casusluğu və türklərə yardım etmək” ittihamı ilə güllələyiblər.

Azərinin son ifasında Əhməd Cavadın təxminən 120 il öncə yazdığı şeirdə bir dəyişiklik diqqət çəkir:

Asmar Aliyeva (@asmaralv) / Twitter

Qafqazlardan aşmışıq biz
Türklüyə şan qatmışıq biz
Azərbaycan bayrağını
Qarabağdan asmışıq biz

Şeirin orijinalı belədir:

Qafqazlardan aşacağıq
Türklüyə şan qatacağıq
Türkün şanlı bayrağını
Turan eldən asacağıq

Əhməd Cavadın idealı, arzusu gerçək olub. Ona görə bu dəyişilik kobud təhrif kimi qəbul edilə bilməz. Bu, onun ruhuna bir muştuluq kimidir. İnanırıq, həm Əhməd Cavadın, həm Üzeyir Hacıbəylinin ruhları şaddır. Eləcə də Azərbaycanın istiqlalı üçün çalışmış, bu yolda əzablar yaşamış, bunu görmədən dünyasını dəyişmiş bütün fədakar insanların hamısının ruhları sevinir.

Bəli, Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi türkün şanlı bayrağının Qarabağdan, Şuşadan, digər işğaldan azad edilmiş ərazilərdən asılması ilə nəticələndi. İki qardaş dövlətin hədəfləri dəyişməyib: Azərbaycanın ərazi bütövlüyü tam mənası ilə bərpa edilənə kimi dayanmaq yoxdur. Paraleldə daha bir proses gedir – Türk Dünyasının birliyinə nail olmaq. Türkün mübarək bayraqları Turanın başı üstündə də dalğalanacaq.

100, 120 il öncə Azərbaycanın və Türkiyənin işıqlı insanlarının, fikir və siyasət adamlarının açdığı çığır böyük yola çevrildi. Tarixin hazırkı mərhələsində bu qutsal yolu, mübarək savaşı iki lider – Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev davam etdirir. Bu missiyanı uğurla yekunlaşdıracaqlarına şübhə yoxdur. Çünki onların arxasında 300 milyonluq türk millətinin iradəsi, dəstəyi var.

Qurucu babaların türk millətinin istiqlalı, inkişafı üçün yaratdıqları ideologiya bu gün gerçəyə çevrilir. Artıq Qafqazları aşmışıq. Hələ aşacaq bir neçə mərhələmiz, dağımız var.

Tahir Turan
Globalinfo.az