Ərdoğanın bu addımına Putinin cavabı: gizli Ankara-Moskva razılığı, yoxsa..?

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər önəmli hadisə ilə yadda qaldı. Belə ki, Türkiyədən səfərdən qayıdan Ukrayna lideri Volodimir Zelenski “Azov” batalyonunun 5 komandirini də özü ilə aparıb. Kreml sözçüsü Dmitri Peskov bunu razılaşmaların pozulması adlandırıb. Belə ki, razılaşmaya əsasən, Rusiya əsirliyindən azad edilən “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.

Maraqlıdır, “Azov” komandirlərinin Zelenski ilə Türkiyədən Ukraynaya getmələri Moskva-Ankara arasında əvvəlcədən razılaşdırılıb, yoxsa bu, Qərbin tövsiyəsi ilə baş verdi? Putinin Ərdoğanın bu jestinə reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, “Azov”çuların Qərbin göstərişi ilə Ukraynaya qaytarılmasını düşünmür:
“Hər halda Türkiyə Qərbdən, NATO-dan asılı deyil. Əgər elə olsa idi, rəsmi Ankaranın mövqeyi tamamilə NATO ilə üst-üstə düşərdi. Amma belə deyil: Türkiyə dəfələrlə Rusiyanı müdafiə edib, Ərdoğan həmkarı Vladimir Putinə haqq qazandırıb.

“Azov” komandirlərinin qaytarılması Ankara ilə Moskva arasında münasibətlərə təsir edə bilər. Amma ciddi təsir edəcəyini düşünmürəm. Ərdoğan Rusiya ilə münasibətlərin pisləşməsini istəməz. Putinin isə indiki halda Ərdoğandan inciməyə haqqı yoxdur. Çünki Rusiyanın indi ən çox Türkiyəyə ehtiyacı var. Üstəgəl, dediyimiz kimi, Ərdoğan dəfələrlə Putini müdafiə edib.
Komandirlərinin qaytarılmasının əvvəlcədən Rusiya lideri ilə razılaşdırılması istisna deyil. Hərçənd bundan əmin deyilik”.

Türkiyənin bu addımının Rusiyanın son vaxtlar Qarabağda Azərbaycanı qane etməyən davranışlara yol verməsi ilə bağlı ola bilərmi?

Politoloq suala cavabında deyib ki, bunun birbaşa Qarabağdakı hadisələrlə bağlı olduğunu demək çətindir:

“Amma görünən budur ki, Ərdoğan Putinə xəbərdarlıq etmək istədi: Rusiya Türkiyənin maraqlarını zərbə altına salsa, Ərdoğan da oxşar formada davrana bilər.
Düşünürəm ki, tərəflər arasında münasibətlərin qorunması indi hər iki dövlətin, regionun və dünyanın xeyrinədir”.

Turan Rzayev
Globalinfo.az