ftcms b2cedca2 9a3f 4d86 80c3 a849978ccd4b

Avropanın bir çox ölkəsində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə daha çox gənclərdir. Daha dəqiq desək, “Z” nəsli.

Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirən əsas məqam mövcud siyasi və iqtisadi sistemdən narazılıqdır.

Əslində, Z nəslinin etiraz dalğasının gec-tez Avropaya çatacağı gözlənilən idi. Bunun ilk ciddi siqnalları hələ 2025-ci ildə ortaya çıxmışdı. Həmin vaxt dünyanın müxtəlif regionlarında gənclərin sosial şəbəkələr vasitəsilə təşkilatlanaraq hakimiyyətlərə qarşı kütləvi etirazlara başlaması yeni bir siyasi tendensiyanın formalaşdığını göstərirdi.

Nepalda başlayan etirazlar

Misal üçün, 2025-ci ilin sentyabrında Nepalda baş verən hadisələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 4-də hökumətin sosial media platformalarına girişə məhdudiyyətlər tətbiq etməsi gənclərin narazılığını daha da artırdı. Sentyabrın 8-də Katmandu və digər şəhərlərdə başlayan etirazlar qısa müddətdə hökumət əleyhinə genişmiqyaslı aksiyalara çevrildi. Gənclər korrupsiya, nepotizm, işsizlik, iqtisadi bərabərsizlik və siyasi elitanın cəmiyyətin problemlərinə biganəliyinə etiraz edirdilər. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı sərt müdaxiləsi, çoxsaylı insan tələfatı və zorakılıq hadisələri vəziyyəti daha da gərginləşdirdi.

Nəticədə sentyabrın 9-da baş nazir KP Şarma Oli istefa verməyə məcbur oldu. Beləliklə, Nepalda Z nəslinin ön sıralarda olduğu etirazlar hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Bu hadisə göstərdi ki, sosial şəbəkələr vasitəsilə təşkilatlanmış, ənənəvi siyasi strukturlara bağlı olmayan gənclər qısa müddətdə böyük siyasi gücə çevrilə bilərlər.

Madaqaskar hadisələri

Bundan cəmi bir neçə həftə sonra, sentyabrın 25-də Madaqaskarda da oxşar proses başladı. İlk etirazların səbəbi elektrik enerjisinin və içməli suyun mütəmadi olaraq kəsilməsi idi. Lakin narazılıqlar qısa müddətdə daha geniş xarakter aldı. Gənclər yüksək yaşayış xərclərinə, işsizliyə, korrupsiyaya, nepotizmə və hakimiyyətin idarəçilik siyasətinə qarşı çıxmağa başladılar.

Etirazlar sosial şəbəkələrdə özünü “Gen Z Madagascar” adlandıran gənclər hərəkatının təşkilatlanması ilə daha da genişləndi. Sentyabrın 29-da Prezident Andri Rajoelina baş nazir və bütün hökuməti vəzifədən azad etdi. Lakin bu addım nümayişçiləri sakitləşdirmədi. Əksinə, etirazçılar prezidentin istefasını tələb etməyə başladılar. Oktyabrın 11-də isə ordunun xüsusi hərbi bölmələrindən biri nümayişçilərin tərəfinə keçərək prezidentə qarşı çıxdı. Oktyabrın 13-də Rajoelina ölkədən qaçdığını açıqladı, oktyabrın 14-də isə hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan etdilər. Nəticədə Prezident Andri Rajoelina hakimiyyətdən uzaqlaşdırıldı, polkovnik Maykl Randrianirina isə ölkənin yeni siyasi idarəçiliyində əsas fiqura çevrildi.

Avropaya sıçrayış

Mən həmin vaxt da qeyd edirdim ki, bu proseslər sadəcə ayrı-ayrı ölkələrdə baş verən lokal etirazlar kimi qiymətləndirilməməlidir. Nepal və Madaqaskar nümunələri müəyyən mənada yeni nəsil etirazlarının siyasi sistemlər üçün nə qədər ciddi sınağa çevrilə biləcəyini göstərən ilkin siqnallar idi.

Serbiya bu prosesin Avropadakı ən diqqətçəkən nümunələrindən birinə çevrildi. 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün uçması və nəticədə 16 nəfərin həyatını itirməsi ölkədə geniş ictimai narazılığa səbəb oldu. Hadisə ilə bağlı məsuliyyət, korrupsiya və dövlət qurumlarının fəaliyyəti ətrafında yaranan suallar tələbə etirazlarının başlanmasına təkan verdi.

2025-ci ilin əvvəlindən etibarən tələbələrin rəhbərlik etdiyi nümayişlər Serbiyanın yüzlərlə şəhər və qəsəbəsinə yayıldı. Etirazçılar məsul şəxslərin cəzalandırılmasını, korrupsiya ilə bağlı sənədlərin açıqlanmasını, dövlət institutlarının hesabatlılığını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdilər. Yanvarın 28-də baş nazir Miloş Vuçeviç istefa verdi. Lakin bu, etirazların dayanmasına səbəb olmadı.

Proses 2026-cı ildə də davam etdi. Nəhayət, oktyabrın 25-də keçirilən parlament seçkilərində tələbə hərəkatının dəstəklədiyi siyahı 53,7 faiz səs və parlamentdəki 250 yerdən 141-ni qazandı. Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyasının siyahısı isə 39,5 faiz səs topladı. Bununla da 14 ildir ölkənin siyasi idarəçiliyində dominant mövqeyə malik olan hakim partiyanın hakimiyyət dövrü başa çatdı. Beləliklə, Serbiyada tələbə etirazları küçə aksiyalarından seçki qələbəsinə qədər uzanan siyasi prosesə çevrildi.

İndi isə diqqət Avropanın digər ölkələrinə yönəlib. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya, Portuqaliya və digər ölkələrdə gənclərin iştirakı ilə genişmiqyaslı aksiyalar keçirilir.

Fransada etirazların əsas səbəbləri təhsil sistemindəki problemlər, yaşayış xərclərinin artması, mənzil əlçatanlığının azalması və gənclərin gələcəklə bağlı narahatlıqlarıdır. Almaniyada isə oktyabrın 31-də 30-dan çox şəhərdə keçirilən aksiyalarda on minlərlə insan iştirak edib. Gənclər təhsilə, səhiyyəyə və sosial təminata daha çox vəsait ayrılmasını tələb etməklə yanaşı, məcburi hərbi xidmətin yenidən tətbiqinə də qarşı çıxırlar. İtaliyada və Belçikada da oxşar narazılıqlar müşahidə olunur. Albaniyada tələbələr korrupsiya, işsizlik və təhsil problemlərinə görə hökumətə qarşı nümayişlər keçirirlər.

Aksiya eyni, səbəb fərqli

Maraqlıdır ki, bütün bu ölkələrdə etirazların konkret səbəbləri fərqlidir. Bir ölkədə problem mənzil qiymətləridir, digərində təhsil, başqa birində korrupsiya və işsizlik. Lakin ümumi narazılıq eyni mənbədən qaynaqlanır. Yəni siyasi elitalar yeni nəslin gözləntilərinə cavab verə bilmirlər. Onlar ya etirazları güc yolu ilə susdurmağa çalışır, ya da kosmetik dəyişikliklərlə prosesi gecikdirirlər. Amma görünən odur ki, yeni nəslin narazılığı artıq ayrı-ayrı qərarlarla aradan qaldırıla biləcək həddən çoxdan çıxıb.

Z nəslinin ənənəvi siyasi təşkilatlardan, partiyalardan və ideoloji mərkəzlərdən asılı olmadan təşkilatlanmaq imkanları diqqət çəkir. Daha sadə desəm, informasiya saniyələr ərzində yayılır, etiraz çağırışları qısa müddətdə minlərlə insana çatır, ayrı-ayrı ölkələrdə baş verən hadisələr digər cəmiyyətlər üçün nümunəyə çevrilir. Nepalda baş verənlər Madaqaskarda, Serbiyada baş verənlər isə Avropanın digər ölkələrindəki gənclər üçün müəyyən mənada təcrübə rolunu oynadı. Onların bir-birindən öyrənməsi, oxşar etiraz üsullarından istifadə etməsi və sosial şəbəkələr vasitəsilə bir-birinə təsir göstərməsi artıq danılmaz tendensiyadır.

Məncə, qarşıdakı dövrdə bu proseslərin daha da genişlənməsi üçün kifayət qədər zəmin var. Xüsusilə iqtisadi çətinliklərin, siyasi gərginliyin, korrupsiyanın, sosial bərabərsizliyin və ictimai etimadsızlığın yüksək olduğu ölkələrdə Z nəslinin etirazları daha ciddi siyasi nəticələr doğura bilər. Çünki bu nəsil əvvəlki nəsillərdən fərqli olaraq, mövcud vəziyyətlə barışmaq və dəyişiklikləri uzun illər gözləmək niyyətində deyil.

Mənim qənaətimə görə, biz sadəcə ayrı-ayrı ölkələrdə gənclərin etirazlarını müşahidə etmirik. Söhbət yeni nəslin köhnə siyasi və sosial düzənlə qarşıdurmasından gedir. Bu qarşıdurmanın hansı nəticələr doğuracağını indidən tam müəyyənləşdirmək mümkün deyil. Ancaq bir məqam aydındır. Əvvəlki nəsillərin siyasi metodları ilə yeni nəslin gözləntilərini idarə etmək getdikcə çətinləşir.

turan rzayev 1 900x720 1 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: