Ərdoğan Putin görüşü: geopolitik savaş öncəsi son diptomatik təmas…

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüş üçün Ankaraya səfər etməklə bağlı razılığa gəlib.

Maraqlıdır, tərəflər görüş zamanı hansı məsələlər ətrafında danışacaq?

Mövzunnu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, Ərdoğan-Putin görüşünün baş tutacağı gözlənilirdi:

 

Sülhəddin Əkbər

“Məsələ ondadır ki, iki ölkənin geopolitik maraqları hazırda bir-biri ilə toqquşur. Mənim tez-tez vurğuladığım yeni dünya nizamının qurulması və bu proses çərçivəsində gedən mübarizədə Ankara və Moskvanın maraqları kəsişir.

Biz hazırda tərəflər arasında fərqli sahələrdə və regionlarda maraq toqquşmalarının şahidi oluruq. Qara dəniz, Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya bu regionlardan bəziləridir.
Türkiyə yeni geopolitik oyunçu olmaq istəyir. Yeni dünya nizamında geopolitik xəritənin cızılmasında iştirak edib öz payını almaq istəyir. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Çünki Türkiyənin maraq dairəsində olan regionlar həm də Rusiyanın maraq və nüfuz dairəsindədir.

Tərəflər, misal üçün, Liviyada ortaq məxrəcə gəlsə də Cənubi Qafqaz, Mərkəzi Asiya kimi regionlarda uzlaşa bilmir. Bu isə vaxtaşırı iki ölkə arasında soyuq küləklərin əsməsi ilə müşahidə olunur.
Hesab edirəm, bütün bunları nəzərə alsaq, Ərdoğan-Putin görüşündə birdən çox məsələ müzakirə ediləcək. Ukrayna, Cənubi Qafqaz və s. mövzular tərəflərin müzakirə edəcəyi başlıca mövzular olacaq”.

Turan Rzayev
Globalinfo.az