Ərdoğan Əliyevi belə təbrik etdi – YENİLƏNDİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm”.