Elman Nəsirovdan seçki təklifi: “Görək xalq nə deyəcək”

“Hesab edirəm, budəfəki növbədənkənar parlament seçkilərində siyasi partiyaların iştirakı, onların fəallığı kifayət qədər yüksək olmalıdır. Bunun səbəbi parlamentin yeni “Siyasi Partiyalar Haqqında” Qanun qəbul etməsidir. Bu qanun siyasi partiyaların fəallığını artırmaq üçün hər cür şəraitlə təmin edilir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, hər bir partiyanın siyasi fəallığının göstəricisi onun müvafiq seçkilərdə iştirakı ilə bağlı ölçülür:

“Bu baxımdan seçkilər partiyaların öz fəallığını, ictimai-siyasi həyatında yerini, rolunu müəyyən etmək və ictimai proseslərə təsir göstərmək üçün bir şansdır. Keçiriləcək seçkilərdə partiyalar daha fəal olmalıdırlar. Fəallıq bəzi klaviatura “qəhrəmanlarının” da fəaliyyətini məhdudlaşdıra bilər. Fəallıq xaricdə özünü bloger elan edənlərin, ölkə daxilində bir sıra hallarda qanunazidd davranışı ilə seçilən şəxslərin, onların qəhrəmanlaşdırılması istiqamətində aparılan bəzi xoşagəlməz proseslərin qarşısını ala bilər. Hər birimiz bilirik ki, onlar çıxıb sosial şəbəkələrdə sinələrinə döyərək özlərini qəhrəman kimi təqdim etmək istəyirlər. Amma xalqın gözü tərəzidir, ağı qaradan seçməyi bacarır”.

E.Nəsirov deyib ki, bu ilin fevral ayında keçirilmiş növbədənkənar prezident seçkilərinə də toxunub:

“Xalq Prezident İlham Əliyevi, onun fəaliyyətini yüksək qiymətləndirir. Bir müzəffər Ali Baş Komandan kimi qəbul edir. Bu reallıqlar fonunda ayrı-ayrı “qəhrəmanların” peyda olması, onların seçki öncəsi və sonrası qarayaxma kampaniyası aparması kimi məsələləri də xalqımız görür, qiymətləndirir. Onların çirkin niyyətlərinin reallaşma əmsalı sıfıra bərabərdir. Ona görə də bir daha inanmaq istərdik ki, dövlət qeydiyyatdan keçmiş siyasi partiyalar növbədənkənar parlament seçkilərində iştirak etmək fürsətindən faydalanacaqlar və öz güclərini ortaya qoyacaqlar. Görək xalq nə deyəcək, kimin ardınca gedəcək, kimi dəstəkləyəcək”.

Zaira Akifqızı

Globalinfo.az