Əliyevin Ərdoğana dediyi cümlənin pərdəarxası – Politoloq

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri bir sıra cəhətdən əhəmiyyətlidir. Bu, iki qardaş dövlətin həmişə yan-yana olmalarını göstərməklə yanaşı, həm də Türkiyədəki prezident seçkiləri ərəfəsində rəsmi Bakının Ankaraya dəstəyi idi. İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi də fikrimcə, həm də bu aspektdən qiymətləndirilməlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ərdoğanın seçkilərə, yəni mayın 14-nə kimi xarici ölkəyə, o cümlədən Azərbaycana səfəri ağlabatan görünmür:

“Çünki o, ciddi seçki kampaniyası ilə məşğuldur. Odur ki, sözügedən dəvət həm də İlham Əliyevin həmkarının qələbəsinə inamı kimi qiymətləndirilməlidir. Əslində, bütünlüklə Azərbaycan xalqı Ərdoğanın qələbəsini arzulayır və ona inanır. Ölkəmizin rəhbərinin “Azərbaycan xalqının sizə salamı var” fikirləri də bu baxımdan səciyyəvidir.

Bundan başqa, İlham Əliyev Türkiyənin son 20 ildə gördüyü işləri, beynəlxalq siyasi aləmdəki rolunu xatırlatmaqla da bir daha mövcud iqtidara dəstəyini ifadə etdi. Əlbəttə, belə də olmalıdır və bu, təəccüblü deyil.

Həmçinin ölkə rəhbəri Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu söylədi. Ümumiyyətlə, xatırlatmaq yerinə düşər ki, bu iki dövlət arasındakı münasibətlər heç vaxt indiki səviyyədə olmayıb. Biz artıq strateji müttəfiqik. Bakı və Ankara regionun əsas siyasi aktorudurlar. Düşünürəm ki, Kahramanmaraşda inşa edilən Azərbaycan şəhərciyi də əlaqələrimizin simvolik göstəricisidir.

Sözsüz ki, tərəflər arasında əlaqələr bundan sonra da inkişaf edəcək. Və bu əlaqələr həm də hərbi sahədə özünü göstərəcək. İlham Əliyevin Azərbaycanda yaxın gələcəkdə “Bayraqdar” mərkəzinin açılacağını deməsi də bunun təzahürüdür”.

Turan Rzayev
Globalinfo.az