Son proseslər göstərir ki, Azərbaycan Cənubi Qafqazı yenidən dizayn edir. Qafqaz Mərkəzi Asiya ilə Yaxın Şərqin arasında körpüdür. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Yaxın Şərqin aparıcı ölkələri Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İraq, Pakistan və s. ilə intensiv əlaqələr qurması rəsmi Bakının böyük siyasi, geopolitik planı olduğuna dəlalət edir.
Noyabrın 30-da isə Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Mövzu barədə Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, BƏƏ regionun ən önəmli ölkələrindədir:
“Bu ölkə geniş neft ehtiyatlarına sahibdir. Dünya enerji siyasətində də BƏƏ-nin özünəməxsus çəkisi var. Təsadüfi deyil ki, bu ölkə neft gəlirləri hesabına ciddi siyasi mövqe qazanıb və islam ölkələri, geosiyasi oyunçular üçün vacib əhəmiyyət daşıyır.
BƏƏ qeyri-neft sektorunda atdıqları uğurlu addımlara görə də diqqət çəkir. Bu ölkə investisiya sahəsində günü-gündən güclənir və ətraf ölkələrə qoyulan investisiyaya görə nüfuz qazanıb.
Əhəd Məmmədli
Bu gün təkcə BƏƏ deyil, həm də Səudiyyə Ərəbistanı, Misir, İraq, Pakistan kimi ölkələrlə münasibətlərin qurulması baxımdan Cənubi Qafqazda rəqabət var. Ermənistan bu ölkələri yanına çəkmək, onların investisiya imkanlarından faydalanmaq istəyir. Rəsmi Bakı isə qloballaşan dünyanın əsas siyasi trendinə ayaq uydurur və hər kəslə münasibət qurur. Məhz bunun bəhrəsini BMT TŞ və digər beynəlxalq təşkilatlarda əleyhimizə atılan addımlara qarşı kollektiv müqavimətlə cavabda görürük.
Məhz bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri həm ikitərəfli, həm də çoxşaxəli münasibətlər sisteminin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Turan Rzayev
Globalinfo.az