Əli Əsədov Ərdoğanın səfərinin ardınca ona zəng etdi

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, telefon danışığı əsnasında Ə.Əsədov C.Yılmazı Türkiyənin Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu.

Türkiyə prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.

İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olundu.

Eyni zamanda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirildi.