Qərbin Zəngəzurla bağlı hədəfi – Diqqətçəkən Türkiyə faktoru

“Son 20 ildə Vaşinqtonun ölkəmizə hərbi məqsədlər üçün köçürdüyü maliyyənin statistikası göstərir ki, bu yardım onsuz da az idi. ABŞ bu illər ərzində İranla sərhəddə və Xəzər dənizində Azərbaycanın sərhədlərinin təhlükəsizliyini nəzərdə tutan yardımlar edirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov ABŞ Senatının Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı qərarı haqda deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu qərarı Azərbaycanı regional dövlətlərdən uzaqlaşdırmır, əksinə yaxınlaşdırır, eyni zamanda Ermənistanın təhlükəsizliyini sığortalamır:

“Məlum olduğu kimi, ABŞ parlamentində anti-Azərbaycan bəyanatların və qərarların verilməsindən dərhal sonra XİN 20 noyabrda okeanın o tayında birtərəfli qaydada razılaşdırılmış ABŞ-Ermənistan-Azərbaycan görüşündən imtina edildiyini açıqladı.

ABŞ-la Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər. Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən imtina ediləcək”.

Zaur Məmmədov

Ekspert deyib ki, 2024-cü ilin ilk 6 ayı ərzində Aİ strukturlarındakı seçkiləri, payızında ABŞ-da keçiriləcək seçkiləri nəzərə alsaq, Azərbaycan-Ermənistan arasında danışıqların bir müddətlik dondurulması istisna deyil:

“Yeri gəlmişkən, Azərbaycanın milli maraqlarına zidd çağırışların tətbiqi Qərbdə arzuolunandır:

1. 2025-ci ildə rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi və onlara hüquqi statusun verilməsi.

2. Zəngəzurda Azərbaycanla sərhədboyu Türkiyəni çıxmaq şərtilə faktiki olaraq bütün NATO dövlətlərinin mülki missiyasının sayının artırılması.

3. Fransa silahlarının Zəngəzura yerləşdirilməsi.

4. Zəngəzur nəqliyyat qovşağının Qərbin başçılığı altında Ermənistan vasitəsilə işə salınması.

Yuxarıda sadalananlardan bir daha anlaşılır ki, ABŞ Qafqazdakı hadisələrə, həm də İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır. Lakin okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1-2 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə münasibətləri korlamayacaq. ABŞ-Azərbaycan münasibətlərində hazırkı qara buludlar bir müddət sonra dağılacaq”.

Turan Rzayev
Globalinfo.az