ehali

2025-ci ilin ilk 10 ayında ölkədə 80 802 uşaq doğulub. İlin sonuna qədər bu rəqəmin təxminən 95 min nəfərə çatması gözlənilir ki, bu da müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi tarixə keçəcək. Statistika göstərir ki, 1991-ci ildəki doğum göstəricisi ilə 2025-ci ilin proqnozu arasında təxminən 2 dəfəyə yaxın azalma var.

Azərbaycanı demoqrafik böhran gözləyirmi? Vəziyyətin belə olması hansı səbəblərdən irəli gəlir və çıxış yolu nədir?

Globalinfo.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, əhalinin təbii artımının azalması əsasən bir neçə amillə izah olunur:

“Bunlara ölkənin iqtisadi inkişaf tempinin əvvəlki illərə nisbətən yavaşlaması, inflyasiya və həyat səviyyəsinin müəyyən qədər azalması daxildir. Eyni zamanda əsasən gənc ailələr uşağın daha yaxşı şəraitdə dünyaya gəlməsinə çalışırlar. Yəni onlar kəmiyyət göstəricilərindən çox, keyfiyyətə üstünlük verirlər. Avropa ölkələrinin təcrübəsi də bu tendensiyanı gücləndirir. Bütün bunlar ölkədə doğum sayının azalmasına gətirib çıxaran amillərdəndir”.

rovsen

Rəşad Əsgərov

Sosioloqun fikrincə, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə hələ də kritik deyil:

“Ölüm nisbətləri 50-55 min nəfər civarında olsa da, əhalinin ümumi artımına təsiri qalmaqdadır. Lakin uzunmüddətli perspektivdə, xüsusilə 10-15 ildən sonra əhalinin azalması iş imkanlarının məhdudlaşmasına, bəzi sahələrdə ixtisarlara və iqtisadiyyatın müxtəlif sektorlarında çətinliklərə səbəb ola bilər. Hazırkı durumun qarşısını almaq üçün gənc ailələrin stimullaşdırılması və dəstəklənməsi vacibdir. Bu istiqamətdə müəyyən addımlar atmaq olar. Məsələn, subsidiyalar, güzəştli kreditlər və çoxuşaqlı ailələr üçün xüsusi yardımlar tətbiq edilə bilər.

Çoxuşaqlı ailələrin 5 uşaqdan 3 uşağa endirilməsi kimi qabaqlayıcı tədbirlər görülməzsə, 2026-cı ildə də əhalinin demoqrafik artımında azalma mümkündür. Uzun müddətdə isə bu, Avropa ölkələrində olduğu kimi əhalinin qocalması və demoqrafik böhran riskini artıracaq”.

Qeyd edək ki, müstəqillik tariximizdə ən çox uşaq 1991-ci ildə (190 353), 1992-ci ildə (181 364) və 2011-ci ildə (176 072) doğulub. 

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: