İtaliyanın Baş naziri Corciya Meloninin mayın 5-də Azərbaycana səfəri gözlənilir.
Məlumata görə səfər bir gün davam edəcək. Meloni səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olacaq.
Xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanlarının görüşün ən vacib hissəsini təşkil edəcəyi bildirilir.
Globalinfo.az-a danışan deputat Elçin Mirzbəyəli deyib ki, İtalya bu gün Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşıdır və bu statusun arxasında ilk növbədə enerji amili dayanır:
“Baku–Tbilisi–Ceyhan, TANAP və TAP kimi strateji layihələr vasitəsilə Azərbaycanın enerji resursları İtalya bazarına daxil olur. Bu xüsusda Meloninin Bakıya “gətirdiyi” əsas gündəm enerji resurslarının ixrac və idxalının şaxələndirilməsi siyasətinin daha dərinləşdirilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ola bilər. İtalya üçün Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də sınaqdan çıxmış, etibarlı və riskləri məharətlə idarə etməyi bacaran tərəfdaşdır.
Şübhəsiz ki, Meloni Bakıya yalnız enerji maraqları ilə gəlmir. Onun rəhbərlik etdiyi hökumət Avropa daxilində yeni iqtisadi tərəfdaşlıqlar qurmaq, Orta Dəhliz kimi alternativ nəqliyyat marşrutlarına inteqrasiya olmaq niyyətindədir. Azərbaycan isə bu baxımdan Şərqlə Qərbi birləşdirən mühüm logistik qovşaq kimi çıxış edir. Deməli, Meloninin iştirakı ilə müzakirə olunacaq mövzulara nəqliyyat, logistika, bərpa olunan enerji və sənaye əməkdaşlığı ilə bağlı təkliflər də daxildir.
Hazırda İtalya üçün qaz tədarükünün həcminin artırılması, xüsusilə TAP vasitəsilə ötürülən qazın genişləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, İtalya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirakının genişləndirilməsi də gündəmdədir.
Səfərin daha incə siyasi qatına nəzər saldıqda, burada Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə keçidi də müşahidə olunur. Meloni Avropa daxilində daha praqmatik və milli maraqlara əsaslanan siyasəti ilə seçilir və bu baxımdan Azərbaycanla münasibətlərdə ideoloji deyil, realpolitik yanaşmanı üstün tutur. Bu isə Bakının suverenlik və daxili işlərə müdaxilənin yolverilməzliyi ilə bağlı haqlı və həssas mövqeyi ilə üst-üstə düşür”.

Elçin Mirzəbəyli
Deputat bildirib ki, Azərbaycan üçün bu səfər ilk növbədə, Avropanın aparıcı dövlətlərindən biri ilə strateji tərəfdaşlığın daha da möhkəmlənməsi kimi qiymətləndirilə bilər:
“Azərbaycan-İtalya münasibətləri təbii ki, təkcə enerji ilə məhdudlaşmayacaq. Avropa İttifaqının “yaşıl keçid” siyasəti fonunda Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə külək və günəş enerjisi İtaliya üçün yeni əməkdaşlıq sahələri açır. Bu isə əlaqələri klassik resurs ixracatçısı və istehlakçı münasibətləri modelindən çıxararaq daha kompleks tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər.
Mahiyyət etibarilə, Meloninin Bakıya səfəri qarşılıqlı maraqların balanslaşdırıldığı, praqmatik və uzunmüddətli əməkdaşlıq modelinin möhkəmləndirilməsinə xidmət edən bir addım kimi qiymətləndirilə bilər. Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, həm də regional və qlobal geosiyasi proseslərdə söz sahibi olan aktora çevrilib. Hesab edirəm ki, İtalya bu reallığı qəbul edən bir ölkə kimi qarşılıqlı münasibətləri daha strateji müstəviyə daşımaq niyyətindədir”.
Turan Rzayev
Globalinfo.az