Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına böyük şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirir, Sizi çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, dinamik surətdə dəyişən beynəlxalq şəraitdə Rusiya ilə Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti dost xalqlarımızın mənafeyi, Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin təmin edilməsi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

X X X

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, yeni-yeni uğurlar və uzun ömür arzulayıram. Sizin rəhbərliyiniz dövründə ölkənizə və xalqınıza göstərdiyiniz sədaqətli xidmət sayəsində Azərbaycan müasir, uğurlu dövlətə çevrilib.

Qafqaz uzun əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu, Şərqlə Qərbin birləşməsində böyük rol oynayan region olmuşdur. Bu gün dünyanın çoxsaylı çağırışlarla üzləşdiyi və ciddi dəyişikliklərə məruz qaldığı bir vaxtda ölkələrimiz təkcə bizim regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmlənməsində mühüm rol oynaya bilərlər. Əminəm ki, biz səylərimizi əsirgəmədən, bu nadir fürsətdən istifadə edərək strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək, Qafqazı əlaqə mərkəzinə və regionumuzun tarixi etnik identikliyini əks etdirən qlobal təhlükəsizlik və sabitlik məkanına çevirəcəyik.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə Yeni ildə xoşbəxtlik və firavanlıq arzulayır, bir daha dərin ehtiramımı çatdırır, dost Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə fəaliyyətinizi bundan sonra da uğurla davam etdirəcəyinizə inandığımı bildirirəm”.

X X X

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan dərin məmnunluq duyuram.

Zati-aliləri, Sizi böyük dövlət xadimi, xalqının yüksək etimadını qazanmış mahir və cəsarətli rəhbər, ölkənin inkişafı və firavanlığı işinə fədakarlıqla xidmət edən, Azərbaycanın yeni inkişaf dövründə tarixi ədaləti bərpa etmiş əsl lider kimi yaxşı tanıyır və dərin hörmət bəsləyirik.

Bunu da xüsusi vurğulamaq istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlər əldə edib, onun beynəlxalq aləmdə nüfuzu və mövqeyi yüksəlməkdədir.

Cari ilin iyun ayında ölkəmizə dövlət səfərinizi, Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənd şəhərində keçirilən zirvə toplantılarında bilavasitə iştirakınızı, o cümlədən bu səfərlər çərçivəsində keçirilən açıq və səmimi görüşlərimizi məmnunluqla xatırlayıram.

Mən tam əminəm ki, əldə olunan bütün mühüm razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığı daha yüksək səviyyəyə çatdıracaq, çoxşaxəli əməkdaşlığımızı yeni praktiki məzmunla zənginləşdirəcək.

Şübhəsiz ki, ortaq məqsədlərimiz və gələcəkdə ali səviyyəli görüşlərimiz sayəsində Özbəkistanla Azərbaycan arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, həyatınızın bu sevincli və unudulmaz günündə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram”.

X X X

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xüsusi xarakterini qeyd edirəm. Əminəm ki, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri xüsusilə enerji, ticarət, kənd təsərrüfatı və mədəniyyət sahələrində bundan sonra da birgə səylərlə inkişaf edəcəkdir. Həmçinin Azərbaycan Respublikasının mənim ölkəmə göstərdiyi köməyə görə minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm.

Mən ölkələrimiz arasında siyasi dialoqun genişlənməsini yüksək qiymətləndirirəm və Moldova Respublikasına səfəriniz zamanı Sizi salamlamaqdan şərəf duyacağam.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

X X X

Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.

Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.

Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm”.

X X X

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.

Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.

Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

X X X

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.

Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram”.

X X X

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm”.

X X X

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyirəm”.