01KZE1TMQYV09D1G3R3WF9S4S7 medium

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalanıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.

Globalinfo.az-a danışan politoloq Elnur Ənvəroğlu bildirib ki, əslində bu hadisə sıfırdan yaranan münasibətlərin nəticəsi deyil:

“Pakistanla Səudiyyə Ərəbistanı artıq 17 sentyabr 2025-ci ildə Strateji Qarşılıqlı Müdafiə Sazişi imzalayıblar. Həmin sənəddə də birinə qarşı təcavüzün digərinə qarşı təcavüz hesab olunması təsbit edilib. Pakistan hökuməti sonradan bəyan etmişdi ki, saziş mövcud müdafiə əməkdaşlığını kodifikasiya edir, yəni sistemləşdirir və təlimlər, birgə hərbi təlimlər, eləcə də digər əməkdaşlıq formalarını əhatə edir.

O ki qaldı Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi”nə, düzdür, strateji baxımdan bu, kifayət qədər ciddi hadisə təsiri bağışlayır. Hətta mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizminin müsəlman dövlətləri arasındakı versiyasını xatırladır. Amma burada fərqi də izah etmək lazımdır.

Əvvəla, buna “NATO-nun ərəb-müsəlman versiyası yaradıldı” demək, fikrimcə, hələ tezdir. Çünki sazişin real gücü onun kağız üzərindəki ifadələrindən daha çox, tərəflərin böhran zamanı həqiqətən nə qədər uzağa getməyə hazır olmasından asılı olacaq.

Sadə dillə desək, hücum, tutaq ki, ABŞ və ya hansısa Avropa ölkəsi tərəfindən olarsa, Türkiyə və bu sazişə daxil olan digər ölkələr ortaq müharibə moduna keçə bilərlərmi? Məsələ məhz burada ortaya çıxır. Bu baxımdan saziş potensial olaraq kifayət qədər ciddi görünsə də, onun praktiki effektivliyi hələ tam şəkildə sınaqdan çıxmayıb.

Düzdür, bu üç ölkənin hər birinin fərqli strateji üstünlüyü var. Məsələn, Türkiyə NATO sıralarında böyük hərbi təcrübəyə malikdir, inkişaf etmiş müdafiə sənayesi, pilotsuz sistemləri, raket texnologiyaları və regional hərbi əməliyyat təcrübəsi var.

Pakistan isə böyük hərbi qüvvələrə və nüvə arsenalına malik dövlətdir. Səudiyyə Ərəbistanı isə böyük maliyyə resurslarına, enerji çəkisinə, strateji coğrafiyaya və sürətlə modernləşən silahlı qüvvələrə malikdir.

Amma bütün bunlar sazişin hər hansı təhdid və ya böhran şəraitində necə işləyəcəyi ilə bağlı əsas sualı aradan qaldırmır. Yəni həmin dövlətlərdən biri təhlükə ilə üzləşdiyi halda digərləri onun mənafeyi uğrunda real hərbi qarşıdurmaya getməyə nə qədər hazır olacaq?

elnur enveroglu
Elnur Ənvəroğlu

Məsələn, təhdid Pakistana qarşı Hindistandan gələrsə, Türkiyə Hindistana qarşı müharibəyə qoşularmı? Yaxud İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaranarsa, Türkiyə və ya Pakistan İranla müharibəyə atılarmı?

Məhz bu suallar sazişin praktiki mahiyyətini müəyyənləşdirəcək. Çünki hərbi ittifaqın kağız üzərində elan etdiyi öhdəliklə böhran zamanı atacağı real addım arasında fərq ola bilər.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır: NATO-nun 5-ci maddəsinin mahiyyəti bəzən yanlış təqdim olunur. Düzdür, bu sazişi NATO-nun 5-ci maddəsinə bənzətdik, amma həmin maddə də avtomatik olaraq “hamı müharibəyə girir” demək deyil. NATO-nun öz izahına görə, üzv dövlət silahlı hücuma məruz qaldıqda digər üzvlər yardım göstərməlidir, lakin hər bir dövlət hansı tədbirin zəruri olduğunu özü müəyyənləşdirir. Bu yardım hərbi qüvvələrin göndərilməsi formasında ola bilər, yaxud başqa tədbirləri əhatə edə bilər. Yəni avtomatik olaraq müharibəyə qoşulmaq məcburiyyəti yoxdur.
Fikrimcə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan bu saziş də məhz buna oxşar xarakter daşıyacaq.

Ona görə də hazırkı mərhələdə bu sənədi tam formalaşmış və NATO ilə eyni səviyyədə işləyən hərbi blok kimi təqdim etmək düzgün olmaz. Sazişin əsl çəkisi qarşıdakı dövrdə tərəflərin müdafiə əməkdaşlığını nə dərəcədə dərinləşdirəcəyindən, birgə təlimlərin, koordinasiyanın və digər mexanizmlərin necə işləyəcəyindən, ən əsası isə real böhran zamanı kollektiv müdafiə öhdəliyinin hansı formada həyata keçiriləcəyindən asılı olacaq.

Hazırda isə ortada kifayət qədər ciddi strateji potensialı olan yeni müdafiə mexanizmi var. Türkiyənin hərbi və müdafiə sənayesi imkanları, Pakistanın hərbi gücü və nüvə potensialı, Səudiyyə Ərəbistanının maliyyə və enerji resursları bu üçlüyün çəkisini artıran əsas amillərdir. Bununla belə, həmin potensialın real hərbi ittifaqa çevrilib-çevrilməyəcəyini zaman və mümkün böhranlar göstərəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: