lit

“Bəzən diplomatik bəyanatlar yalnız görüşlərin yekunu kimi deyil, daha geniş proseslərin başlanğıc nöqtəsi kimi oxunmalıdır. Bakıda səsləndirilən çıxışlar məhz belə məqamlardandır: burada ifadə olunan fikirlər təkcə Azərbaycan–Latviya münasibətlərinin cari mərhələsini əks etdirmir, eyni zamanda dəyişən beynəlxalq mühitdə dövlətlərin davranış modelini müəyyən edən daha geniş siyasi məntiqi ortaya qoyur”.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfərini şərh edərkən deyib.

O bildirib ki, bu məntiq artıq klassik tərəfdaşlıq anlayışını aşır və dövlətlərin yalnız mövqelərini qorumasını deyil, eyni zamanda beynəlxalq mühitə təsir göstərən və onu istiqamətləndirən aktorlara çevrilməsini tələb edir:

“Bu transformasiyanın mərkəzində Prezident İlham Əliyevin formalaşdırdığı strateji yanaşma dayanır. Bu yanaşma Azərbaycanı proseslərin sadəcə iştirakçısından onları formalaşdıran gücə çevirən sistemli və məqsədyönlü dövlətçilik xəttidir. Azərbaycan–Latviya münasibətləri də məhz bu geniş çərçivədə öz mahiyyətini tapır. Burada söhbət yalnız ikitərəfli əlaqələrin genişləndirilməsindən getmir, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında yeni funksional körpünün formalaşmasından gedir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu baxımdan sadəcə hüquqi sənəd deyil, normativ və institusional uyğunlaşmanın platformasıdır. Prezident İlham Əliyevin bu platformanı iqtisadi və siyasi mexanizmlərlə zənginləşdirməsi göstərir ki, Azərbaycan xarici siyasətdə passiv tərəfdaş statusundan çıxaraq əməkdaşlıq gündəliyini formalaşdıran aktora çevrilib. Bu isə klassik diplomatiyanı aşan sistem quruculuğu yanaşmasıdır”.

R.Muradov qeyd edib ki, Trans-Xəzər Orta Dəhlizi artıq alternativ marşrut olmaqdan çıxaraq qlobal ticarət xəritəsinin yenidən formalaşmasında Azərbaycanın aktiv iştirakını təmin edən strateji platformaya çevrilib:

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur siyasəti nəticəsində Azərbaycan coğrafiyanı taleyə çevirə bilən nadir dövlətlərdən biridir. Bu, təsadüfi uğur deyil, planlı geoiqtisadi strategiyanın nəticəsidir. Latviya kimi Avropa İttifaqı üzvü olan ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi isə Azərbaycanın Avropa iqtisadi məkanında rolunu daha da gücləndirir.

rovsen muradov deputat

Latviyada təhsil alan azərbaycanlı gənclər gələcəkdə iki ölkə arasında təkcə mədəni deyil, həm də iqtisadi və institusional əlaqələrin daşıyıcılarına çevriləcəklər. Bu isə göstərir ki, Prezident İlham Əliyevin siyasəti yalnız bu günü deyil, gələcək nəsilləri də əhatə edir”.

Deputatın sözlərinə görə, bütün bu istiqamətləri birləşdirən əsas xətt sülh və təhlükəsizlik məsələsidir:

Azərbaycan-Ermənistan münasibətlərində səsləndirilən “de-fakto sülh” tezisi təkcə mövcud vəziyyətin təsviri deyil, eyni zamanda yeni regional təhlükəsizlik modelinin formalaşdığını göstərir. Bu model klassik hərbi balansdan fərqli olaraq siyasi iradə, iqtisadi qarşılıqlı asılılıq və normativ-hüquqi baza üzərində qurulur”.

Deputat əlavə edib ki, Latviya Prezidentinin çıxışında Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin vurğulanması bu reallığın beynəlxalq səviyyədə qəbul edildiyini göstərir:

“Energetika, nəqliyyat və təhlükəsizlik sahələrində Azərbaycanın rolu regional çərçivəni aşaraq mərkəzi xarakter daşıyır. Bu isə Azərbaycanın qlobal proseslərdə təkcə iştirakçı deyil, həm də təsiredici aktor olduğunu göstərir. Beləliklə, Bakıda səsləndirilən bəyanatlar diplomatik çərçivəni aşaraq yeni dövrün siyasi manifesti kimi çıxış edir. Bu manifest göstərir ki, Azərbaycan mövcud sistemə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda yeni sistemin parametrlərini müəyyən edən aktora çevrilir. Prezident İlham Əliyev isə bu prosesdə siyasi liderlik funksiyasını strateji arxitektura quruculuğu ilə tamamlayır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: