Dərman qıtlığı ilə bağlı sensasion məlumatlar – vacib preparatların yoxa çıxmasının ŞOK SƏBƏBLƏRİ

Artıq bir müddətdir ki, ölkədə dərman qıtlığı yaşanır. Tapılan dərmanların isə keyfiyyətsiz olduğu bildirilir. Əvvəl deyərdilər, “dərman gəldi, dərd, qaç”, indi bu deyim tərsinə çevirilib: “dərd gəldi, dərman, qaç”. Baxmayaraq ki, hamı bu sahədəki çatışmazlıqdan, keyfiyyətsizlikdən danışır, amma kimlərsə bu qıtlıqdan, dərdin çox, dərmanın az olmasından milyonlar qazanır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla ölkədə dərman qıtlığının olmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:

“Artıq xeyli müddətdir ki, ölkədə dərman qıtlığı yaşanır. Bunun bir səbəbi ondan ibarətdir ki, Azərbaycana dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna və Belarusdan idxal edilir. Bir sözlə, biz idxaldan asılıyıq. Ukraynada əczaçılıq sənayesi infrastrukturu dağıdıldığı üçün hazırda bizim oradan dərman idxal etmək kimi bir imkanımız yoxdur”.

A.Qeybulla bildirib ki, Azərbaycan bazarında keyfiyyətsiz dərmanlara rast gəlinməsi hər kəsdə narazılıq yaradır: “Vətəndaşlar haqlı olaraq şikayət edirlər. Müvafiq qurumlar bununla bağlı ciddi şəkildə düşünməli və tədbir görməlidirlər. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi hələ də bitməyib. Bu münaqişənin sonu necə olacaq, nə qədər davam edəcək, heç kim bilmir. Ona görə də, Türkiyə ilə müqavilə bağlayıb, ölkəyə lazım olan əsas dərmanların idxalına nail olmalıyıq”.

Professor müəyyən məsləhətlər də verib: “Yaxşı olar ki, bəzi praktiki, xəstələrə lazım olan gündəlik dərmanları dövlət öz öhdəsinə götürsün. Hesab edirəm ki, həm dərman qıtlığının qarşısını almaq üçün, həm də bazarı keyfiyyətli dərmanlarla doldurmaq üçün ən yaxşı alternativ yol Türkiyədən dərman idxalına başlamaqdır. Açıq etiraf etmək lazımdır ki, Rusiya dünənə qədər bizim Türkiyə ilə işlərimizə mane olurdu. Amma bu gün bizim üçün artıq bir imkan yaranıb və bundan yararlanmalıyıq”.

Adının çəkilməsini istəməyən sahibkar Globalinfo.az-a deyib ki, ölkədə dərman qıtlığı qeydiyyatla bağlıdır: “Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyinin Analitik Ekspertiza İdarəsi sahibkarlara süni maneələr yaradır, əlavə sənədlər istəyirlər. Son 1 ay əvvələ kimi ölkəyə mal gətirən sahibkarlardan tələb olunurdu ki, hər malın patenti olsun. Bunsuz ölkəyə dərman preparatları idxal eləmək mümkün deyildi. Həmin tələb bu yaxınlarda qeyri-rəsmi ləğv edildi. Amma digər problemlər qalır. Problemlərdən biri də qeydiyyat sənədi ilə bağlıdır. Bu qeydiyyat sənədi Türkiyə və Avropa ölkələrinin standartları ilə eynidir. Lakin bu standart Azərbaycanda yoxdur. Yəni sahibkardan Azərbaycanda olmayan standartlar, sənədlər tələb olunur. Sahibkarlar malları qeydiyyatdan keçirə bilmədikləri üçün ölkəyə dərman gətirməkdə çətinlik çəkirlər. Bu səbəbdən qıtlıq yaranır. Azərbaycana dərman əsasən Rusiyadan, Ukraynadan və Türkiyədən idxal edilirdi. Müharibədən sonra sahibkarlar Avropada ölkələrindən, əsas da Türkiyədən idxalı artırdılar. Amma sırf qeydiyyat tələblərinə görə digər vacib malları gətirə bilmirlər. Türkiyədən istənilən qədər qida əlavəsi (BAD) və dərman gətirmək olur. Sadəcə yaradılan süni əngəllər buna imkan vermir”.

Sahibkar bildirib ki, əvvəllər gömrüklə bağlı çətinlik olsa da indi bu, xeyli asanlaşıb: “Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin vaxtında sahibkarları çox incidirdilər. Yüksək məbləğli rüsumlar tələb olunurdu. Sahibkarlar həmin rüsumu ödəyib, mallarını çıxara bilirdilər. Bu da sonda süni bahalıq yaradırdı. Sonda da sahibkar qınanırdı ki, bahalığı onlar yaradır. Gömrük və digər xərclər aradan qalxdığı üçün dərmanların qiymətində azalma gözlənilirdi. Lakin başqa bir əngəl ortaya çıxıb”.

Müsahibimizin sözlərinə görə, yanvarın 1-dən etibarən həkimlərə reseptə bioaktiv qida əlavələri yazmağa icazə verilməməsi də dərman bazarında əlavə problemlərin və qıtlığın yaranmasına səbəb olacaq.

Yazıda adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı
Globalinfo.az