Deputatın uşaqpulu təklifinə ekspertdən – Reaksiya

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fəzail Ağamalı ünvanlı sosial yardım paketinin “uşaqpulu” adına transfer edilməsi təklifini irəli sürüb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deputatın bu fikri ilə razı olmadığını deyib. O, uşaqpulunun verilməsinin əleyhinə olduğunu bildirib:

“Uşaqpulu demoqrafik problem olan cəmiyyətlərdə verilir: yəni vəfat edənlərin sayı dünyaya gələnlərdən çox olan ölkələrdə. Bu halda uşaqpulu verirlər ki, insanlar dünyaya uşaq gətirməyə meyilli olsunlar, əhalinin sayı artsın. Azərbaycanda isə belə bir problem yoxdur. Bizim əsas hədəfimiz artan əhalini yaxşı yaşatmaqdır. Buna görə də Azərbaycan tipli cəmiyyətlərdə uşaqpulu verilməli deyil”.

Ekspert iş yerlərinin və əməkhaqlarının artırılmasının tərəfdarı olduğunu deyib:

“Əgər əhalinin sayı azalsa, ölüm sayı doğum sayını üstələsə, onda mən uşaqpulunun verilməsini dəstəkləyərəm. Biz ailələrin yaxşı yaşamasını təmin etməliyik. Dövlətin verdiyi sosial yardım insanların aylıq tələbatını ödəmirsə, bu məbləği artırmalıyıq. Mən uşaqpulunun yox, imkansız ailələrə verilən ödənişlərin həcminin artırılmasının tərəfdarıyam”.

Zaira Akifqızı, Globalinfo.az