Dəmiryolu danışıqlarında Ermənistan niyə yoxdur? – SSRİ sənədləri ortaya çıxsa…

Dəmiryolu danışıqlarında Ermənistan niyə yoxdur? – SSRİ sənədləri ortaya çıxsa...

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Horadiz-Ordubad dəmir yolu xəttinin çəkilişi ilə bağlı açıqlaması maraqla qarşılanıb. Nazirin açıqlamasında bir məsələ xüsusilə diqqət çəkib. Belə ki, bu yolun Ermənistan xəttinin Zəngəzurdan keçəcək hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqların aparılacağını bildirib.

Bu dəmir yolunun inşası hazırkı vəziyyətdə necə dəyərləndirilməlidir? Niyə Ermənistan yox, məhz Rusiya ilə danışıqlar aparılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, burada Ermənistanla bağlı maraqlı bir situasiya yaranıb:

“Regiondakı kommunikasiyaları Türkiyə, Rusiya və Azərbaycan çəkir, reallaşdırır. Ermənistan burada sadəcə iştirakçıdır. Çox maraqlı situasiyadır, sanki qonaq qismində çıxış edir. Əslində Horadizdən Ordubada çəkiləcək dəmir yolu xəttinin Zəngəzurdan keçən hissəsində Ermənistanın iştirak etməməsinin səbəbi bütövlükdə bu ölkənin kommunikasiya resurslarının, o cümlədən, dəmir yolları mülkiyyətinin Rusiyanın icarəsində olmasıdır, onunla bağlı dövlətlərarası müqavilə var.

Dəmiryolu danışıqlarında Ermənistan niyə yoxdur? – SSRİ sənədləri ortaya çıxsa...

Əziz Əlibəyli

Maraqlıdır ki, bu yolun bizim tərəfə düşən hissəsi də var. Arazboyunca sözügedən ərazidən keçən yollar bütövlükdə Ermənistandan keçən hissə də daxil, SSRİ dövründə Azərbaycan Dövlət Dəmir Yollarının mülkiyyətinə aid olub. Bu maraqlı bir faktdır. Düşünürəm ki, Azərbaycan indiyə kimi keçmişdə mülkiyyətlə bağlı məsələni gündəmə gətirib. Bu da ondan qaynaqlanır ki, adətən ölkələr arasında sülh sazişi imzalanarkən dövlətlərarası sərhədə dair istinad etdikləri müqavilə istər-istəməz sovet dönəmindəki sənədlər olacaq. Bu da Ermənistan ərazisindən keçsə belə, Azərbaycanın öz dəmir yollarına sahib çıxması mənasına gəlir”.

Qeyd edək ki, nazir Horadizdən Ordubada çəkiləcək dəmir yolu xəttinin uzunluğunun 166 kilometr olacağını deyib.

Ayşən Mustafa
Globalinfo.az