Diqqət! Danışır onlar – Namizədlər təbliğat dövründə nədən bəhs edəcəklər?

7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə az müddət qalıb. Həmin vaxta qədər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyi təsdiqlənən 7 nəfər – Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev təbliğat və təşviqat kanpaniyasına başlayıb.

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa Globalinfo.az-a açıqlamasında bildirib ki, bu gün başlayan təbliğat və təşviqat prosesində əvvəlcə televiziyada ödənişsiz efir vaxtından istifadə ediləcək:

Fazil Mustafa

“Sabahdan etibarən isə radioda vəkillərin və səlahiyyətli nümayəndələrin ardıcıl çıxışları baş tutacaq. Seçki platformamız nəşr olunduqdan sonra seçicilərə təqdim ediləcək. Hazırlanan plakatları ayrı-ayrı partiya üzvləri bölgələrə çatdırılmasını təmin edəcəklər. Sistemli təbliğat kampaniyası yaratmağı düşünürük. Bölgələrdə də görüşlərin keçirilməsi gözlənilir. Platformamız “Azərbaycan”, “Respublika” və rusdilli qəzetlərdə dərc olunacaq. Seçicilərin fəaliyyətini təmin etmək üçün əhatəli addımlar atmağı düşünürük”.

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev isə qeyd edib ki, təbliğat aparmaq üçün dövlətin müəyyənləşdirdiyi əsas qaydalar var:

Elşad Musayev

“İctimai Televiziyada həftədə 3 dəfə – 1,3,5-ci günlər saat 9-da namizədlərin siyasi debatı təşkil edilir. İctimai Radioda da 2,4,6-cı günlər bu proses reallaşır. Paralel olaraq “Azərbaycan” , “Respublika” və digər qəzetlərdə həftədə 3 dəfə təbliğat materialları çap olunur. Bölgələrdə görüşlərin baş tutması da planlaşdırılıb. İşlər bir qədər yüngülləşib. Seçki platforması da hazırdır. Gələcək günlərdə proses baş tutacaq”.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun vəkili, politoloq Tural İsmayılovun sözlərinə görə, seçkilər ilk dəfə işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək:

Tural İsmayılov

“Azərbaycanda tarixi seçkilərə şahidlik edirik. Prezidentliyə namizədlər bu prosesdə yüksək səviyyədə iştirak etməyə çalışır. Təbliğat və təşviqat kampaniyasının planlarını seçicilərə ünvanlamağa çalışırıq. Zahid Orucun da platforma ilə bağlı konkret planları var. Buradan irəli gələn təkliflər 6 fevrala qədər açıqlanacaq. Televiziya və radio çıxışları da Zahir Oruc və ya vəkilləri tərəfindən aparılacaq.

Seçki paketinə bir çox məsələlər daxildir. Siyasi, sosial, gənclik siyasəti, yaşıl enerji, iqlim məsələləri və s. haqqında ictimaiyyətə məlumat veriləcək”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin müavini Məhəmməd Əsədullazadə qeyd edib ki, seçki platforması “sosial ədalət, sosial demokratiya” şüarına əsaslanır:

Məhəmməd Əsədullazadə

“Bu istiqamətdə təşviqat-təbliğat prosesi aparılır. Televiziya və radiolar vasitəsilə çıxışlar baş tutacaq. Platforma ideologiya, təhsil və elm, xarici siyasət, iqtisadiyyat, dövlət-vətəndaş münasibətlərinin qarşılıqlı etimad mühitinin yaradılması, sosial siyasət sahəsində və s. fəaliyyət qərarlaşdırılıb. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində kapitalizmin ümumi prinsiplərindən imtina etməyə yönəlib.

Turizm, şəhərsalma və tikinti, dövlət maraqlarının təminatı sahəsində də planlar var. Xarici siyasətdə Azərbaycanın xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətin artırılmasl və balans siyasətinin həyata keçirilməsi, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanış və özünüdərkinə nail olunması, Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində də mövzular yer alıb.

Təhsil və elm sahəsində görüləcək işlər çox böyükdür. 7 il ərzində bütün kəndlərdə təhsil sisteminin alt yapısı sayılan bağçalar yaradılacaq. Fundamental problemlərin həlli yolları irəli sürülüb.

Digər tərəfdən səhiyyə sistemi, tibbi sığorta sahəsəsində də çox ciddi problemlər var. Təbib və Səhiyyə Nazirliyin yalnız biri bu istiqamətdə fəaliyyət göstərməlidir.

Pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 62 yaşa endiriləcək”.

BAXCP sədri Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycanın bir sıra tanınmış media orqanlarında seçki platformasını yaymışıq:

Niyaməddin Orduxanlı

“Böyük dəyişiklik” seçki platformasında bir çox sahələr – dövlət quruculuğu, Qarabağ, hüquq, parlament, korrupsiyaya qarşı mübarizə, yerli bələdiyyə institutunun inkişafı, uşaq pullarının verilməsi və s. nəzərdə tutulub. Seçki Məcəlləsinin tələblərinə uyğun seçki lövhələri yerləşdirmişik. 70 rayon şöbəmiz var. Və həmin ərazilərdə də plakatlar yerləşdirilib”.

Safura Bənnayeva
Globalinfo.az