Bir neçə gün öncə VI çağırış parlamentin vitse-spikeri Adil Əliyev Suraxanı rayonuna icra başçısı təyin olundu. İndi də deputat Ülvi Quliyevin Nəsimi rayonuna icra başçısı gətiriləcəyi ilə bağlı məlumatlar var. Deyilir ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov vəzifədən azad ediləcək. Onun 1 sentyabrda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyi deyilir.
Bu, indiyə kimi idarəetmədə rast gəlinməyən təcrübədir. Yeni təyinatlar nədən xəbər verir? Bunun ölkəyə, vətəndaşlara nə kimi xeyiri ola bilər?
Deputatların icra başçısı olması nəyi dəyişəcək?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz deyib ki, bu yerdəyişmələr “Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaq” misalına bənzəyir:
“Bu cür əvəzetmələr kadr potensialının kasadlığından xəbər verir. Əvvəla, ona görə ki, icra hakimiyyətləri və parlament başqa strukturdur. O vəzifələrin icrası üçün fərqli qabiliyyətlər, təcrübələr tələb olunur. Sözsüz, elə insanlar var ki, onların icraedicilik qabiliyyəti yüksəkdir. Onlar icra strukturunda olduğu kimi, qanunvericilik orqanlarında da uğurlu fəaliyyət göstərə bilərlər. Məsələn, mən Adil Əliyevin yaxşı bir icraçı ola biləcəyinə inanıram. Çünki adam polis orqanlarında yetişib və idarəetməni pis bilmir. Hətta deputat olanda belə, qaziləri başına toplayıb müxtəlif tədbirlər keçirirdi. Deputat kimi, müxtəlif təkliflər hazırladığına və mətbuatda fəal iştirak etdiyinə şahidəm”.
H.Oğuz bununla belə, hər kəsin bu iki fərqli xüsusiyyəti eyni anda daşıya biləcəyinə inanmadığını söyləyib:
“Əgər həqiqətən də hakimiyyət əksər deputatları icra başçısı etmək barədə düşünürsə, deməli, yeni bir təcrübəni sınaqdan çıxarmaq istəyir. Çünki adətən, qanunvericilik qabiliyyəti yüksək səviyyədə olanların icraedicilik bacarıqları zəif qalır. Odur ki, icra strukturlarına sabiq deputatların kütləvi şəkildə təyin olunmasının məntiqini anlamaqda çətinlik çəkirəm”.
Zaira Akifqızı
Globalinfo.az