Ceyhun Bayramov litvalı həmkarı ilə bunu müzakirə etdi – YENİLƏNİB

Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

Bu barədə Globalinfo.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, nazir Ceyhun Bayramov və nazir Qabrielius Landsberqis arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində keçiriləcək İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Litva arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin də vacibliyi qeyd olunub.

18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, yaşıl enerji sahəsinin də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, Azərbaycanın bərpa-quruculuq, sülh səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə danışan nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlı olduğunu diqqətə çatdırıb. Regionda yaranmış yeni reallıqların əməkdaşlıq üçün imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan, müasir şəhərsalma üsulları, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərində əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edib. Bununla yanaşı, Ermənistanın bölgədə yaratdığı mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, bu problemin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Qabrielius Landsberqis, iki ölkə arasında münasibətlərin inkişafının, artan təmasların və qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd edərək, keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının bu dinamikaya müsbət töhfə verəcəyini qeyd edib. Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin alternativinin olmadığını ifadə edən nazir Qabrielius Landsberqis, Litva Respublikasının bölgədə sülh və quruculuq səylərini dəstəklədiyini söyləyib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

***10:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla litvalı həmkarı Gabrielius Landsberg arasında geniştərkibli görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.

***10:29

Azərbaycan və Litva xarici işlər nazirlərinin geniş tərkibli görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb - YENİLƏNİB

X X X

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə görüşüb.

Bu barədə Globalinfo.az-a XİN-dən bildirilib.

Onlar arasında təkbətək görüş keçirilib.

Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb - YENİLƏNİB

***09:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.