“Özünü qondarma qurumun “rəhbəri” elan etmiş şəxs və onun ətrafında eyni düşüncədə olan bir ovuc insanın Azərbaycan ərazisindən Ermənistana köç etdikdən sonra yaddaqalan ilk addımı İrəvan hakimiyyətindən ilin sonuna kimi maaşlarını tələb etmələri oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində əməkdaşımızın sualına cavab olaraq deyib.
Nazir Ermənistandakı separatçıların hazırkı vəziyyətini məşhur əsərlə müqayisə edib:
“Separatçıların ikinci təşəbbüsü ilin sonuna bir neçə gün qalmış gündəmə gəldi. Bu vəziyyətdə ağlıma bir bədii əsərlə bağlı analogiya gəlir. İlf və Petrovun məşhur “On iki stul” əsəri var. Onun əsas qəhrəmanı “Ostap Bender” adlı obrazdır. Əsərdə qəhrəman şəhərin varlı adamlarını toplayır və onlara böyük planlarından danışır. Çoxlu vədlər verərək onlardan pul qoparmağı hədəfləyir. Baxmayaraq ki, bu əsər təxminən 100 il öncə yazılıb, amma oradakı bəzi məqamlar indiki vəziyyəti xatırladır. Əsərdə “xaric bizə kömək edəcək, əlimiz uzundur” deyə bir ifadə işlədilir. Bu ifadə hazırkı situasiyanı xatırladır”.
Zaira Akifqızı
Globalinfo.az