Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin inkişafında yeni mərhələ başlayır. Estoniyanın Azərbaycanda ilk rezident səfirinin fəaliyyətə başlaması iki ölkə arasında siyasi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan-Estoniya münasibətləri hər zaman müsbət istiqamətdə inkişaf edib və son dövrdə bu əlaqələrdə xüsusi dinamika müşahidə olunur.
Ceyhun Bayramov qeyd edib ki, Estoniya xarici işlər nazirinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkənin Bakıdakı səfirliyinin açılması olub.
Onun sözlərinə görə, səfirliklərin fəaliyyəti bundan sonra iki ölkə arasındakı münasibətlərin inkişafına daha böyük töhfə verəcək.

