Bu qəpiklər baha qiymətə satılır – SƏBƏB / VİDEO

Üzərində gerb olan qəpiklər saytlarda dəyərindən 10 dəfə baha qiymətə satılır.

Globalinfo.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, qarışıq qəpiklər min manata, 20 qəpik 500 manata, 50 qəpik 80, 10 qəpik 10, bəzən isə 20-30 manata təklif olunur.

Üzərində gerb olan qəpikləri satan şəxslər bildirib ki, məhdud sayda buraxılmış qəpiklər olduğu üçün kolleksiyaçılar tərəfindən marağa səbəb olur və alınır.

İqtisadçı Xalid Kərimli deyib ki, müxtəlif qəpiklərin öz nominal dəyərindən baha satılması alıcının özünün verdiyi qərardır. Qəpiyin ancaq mübadilə dəyəri olduğunu deyən Xalid Kərimli bildirib ki, bunlar ya hədiyyəlik, ya da kolleksiya naminə satılır.

O əlavə edib ki, gerblər ölkənin atributu olduğu üçün daha cəlbedici olur. Bu səbəbdən də üzərində gerb olan qəpiklərə maraq var. Kolleksionerlər müəyyən müddət sonra həmin qəpiklərin satışını həyata keçirir.

Məsələ ilə bağı Mərkəzi Bankdan isə “Xəzər Xəbər”ə bildirildi ki, 2021-2023-cü illər ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırda tədavüldə olan 5, 10, 20 və 50 qəpiklik metal pul nişanları yenilənərək onların dizaynına Dövlət Gerbi və istehsal ili əlavə edilib. Qəpiklər Mərkəzi Bank tərəfindən dövriyyəyə hər hansı limit və ya məhdudiyyət tətbiq edilmədən buraxılır. Məhdud sayda yalnız yubiley və xatirə pul nişanları tədavülə buraxılır ki, onlar da adətən qızıl, gümüş, platin və s. qiymətli metallardan hazırlanır. Pul nişanlarının müxtəlif onlayn portallarda satışına gəlincə, bu, beynəlxalq təcrübədə də rast gəlinən haldır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: