Jurnalist Vüsal Məmmədov “Birbank” tətbiqində artıq gedişhaqqı çıxılması haqda daha bir məsələni gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, o, bənzər vəziyyətin yaxın adamının da başına gəldiyini bildirib.
“Avtobusda “Birbank” tətbiqi vasitəsilə bilet alıb. Amma kartından dalbadal 29 biletin pulu çıxılıb. Daha çox da çıxılacaqmış, əgər hesabındakı məbləğ bitməsəydi…
Xanım “Kapitalbank”a müraciət edib. Orada deyiblər ki, bizlik deyil, “BakuBus”a müraciət et. Edib. “BakuBus”da deyiblər ki, “bizlik deyil, “141”-ə müraciət et. Edib. “141” deyib ki, bizlik deyil, *4343-ə zəng elə”. Edib. Daha 1 manat 20 qəpik də *4343-ə zəngə sərf olunub. Onların sözü isə bu olub ki, həftəsonudur, birinci gün danışarıq.
Sadalanan qurumlardakı hörmətsiz yoldaşlar! Bu nə biabırçılıqdır?!
Əvvəla, işinizi düzgün qurun!
İkincisi, vətəndaşın şikayətinə düz-əməlli cavab verin, ötür-ötür oyunu oynamayın! Sizin yarıtmaz işinizə görə insanın həm vaxtı getməlidir, həm pulu, həm də əsəbləri?!
Əziz dostlar, çalışın, bu aralar imkan daxilində ancaq nəqliyyat kartından istifadə edin”, – V.Məmmədov qeyd edib.