Bu mahnı Azərbaycanı yenidən ayağa qaldırdı – VİDEO

20 mart tarixində keçirilən “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasının final mərhələsində qonaq qismində çıxış edən “Dərviş” band qrupunun ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, qrup, sözləri Məmməd Araza, musiqi isə Niyaməddin Musayevə məxsus olan məşhur “Dünya sənin, dünya mənim” mahnısını rok stilində ifa edib.

“Dərviş” band ifanın ictimaiyyət tərəfindən bu qədər bəyənilməsinə münasibət bildirib:

“Dünən “Səs Azərbaycan” yarışmasının finalında qonaq qismində çıxışımız uğurla qarşılanıb. “Dünya sənin, dünya mənim” mahnısı 7 aprel tarixində musiqi platformalarında onlayn olacaq.

Odur ki, bizimlə qalın çünki bu son sürpriz deyil”.

Xatırladaq ki, “Dünya sənin, dünya mənim” mahnısı ilk dəfə 1980-ci illərin sonlarında Niyaməddin Musayevin ifasında səsləndikdən sonra olduqca populyarlıq qazandı. Mahnı qısa müddətdə Azərbaycanda hitə çevrildi. Mahnının sözləri və melodiyası ahəng təşkil etdiyindən, onu bütün yaş qrupundan olan insanlar sevə-sevə dinləyirdi. Üstündən 35 ilə yaxın keçəndən sonra “Dərviş” qrupu mahnıya yeni nəfəs qazandırdı. “Dünya sənin, dünya mənim” yenidən Azərbaycanı coşdurdu, heyrətləndirdi.

Qeyd edək ki, yarışmanın bu dəfəki qalibi xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Zülfü Əsədzadə olub.

Qrupun sözügdən ifasını təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az