Bu liderlər İlham Əliyevə məktub göndərdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, vətəndaşlarınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bütün dövlətlərin və xalqların rifahı, habelə Cənubi Qafqaz regionunun insan və iqtisadi potensialının inkişafı üçün davamlı sülh, təhlükəsizlik və sabitlik xüsusi önəm kəsb edir. Mən əminəm ki, Azərbaycan buna əhəmiyyətli dərəcədə töhfə verə bilər.

Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, Sizə əmin-amanlıq, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında çoxillik dostluq, səmərəli əməkdaşlıq münasibətlərinin intensiv inkişafından məmnun olduğumu bildirim.

Azərbaycan Respublikasının milli bayramı ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mükəmməl ikitərəfli münasibətlərin yüksək qiymətləndirilməsini təsdiqləmək və onların gələcəkdə də dinamik şəkildə inkişafını arzulamaq üçün xoş bir fürsətdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, – təbrikdə qeyd olunub.

***
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İcazə verin, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”, – məktubda bildirilib.