photo 2026 06 05 22 29 22 2

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Aldenin namizədliyini irəli sürüb. Ağ Evin yeni səfir namizədliyi müəyyən müzakirələrə səbəb olub. Belə ki, “Ermənistanın səsi” nəşri onun erməni əsilli olduğunu iddia edib. Aldenin valideynlərinin Amerikaya qaçan sovet siyasi mühacirləri olduğu deyilir.

Globalinfo.az-a danışan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza bildirib ki, əvvəla, heç kim cənab Aldenin erməni əsilli olub-olmadığını dəqiq bilmir:

“Heç kim buna əhəmiyyət verməməlidir. Nə fərqi var ki? Biz amerikalılar ölkəmizə sadiqik. Cənab Alden, görünür, həm ABŞ hökumətinin milli təhlükəsizlik strukturlarında, həm də özəl sektorda, “Palantir” şirkətində çox yüksək peşəkarlığa malikdir. Görünür, o, siyasi səbəblərdən təyin olunub və bu isə o deməkdir ki, Prezident Trampın siyasi komandası ona çox müsbət yanaşır. Bu, Azərbaycan üçün əla xəbərdir.

Dünyanın ən böyük beynəlxalq maliyyə institutlarından birinin beynəlxalq bankirləri ilə indicə söhbət edirdim. Onlar Tramp administrasiyasının ABŞ vətəndaşlarının Azərbaycana investisiya qoymasına nə dərəcədə müsbət yanaşdığı baxımından Bayden və Tramp administrasiyaları arasında olduqca ciddi bir dəyişiklik olduğunu qeyd edirdilər. Buna görə də, cənab Aldenin Prezident Trampın genişləndirilmiş siyasi komandasının bir hissəsi olması, məncə, Azərbaycan üçün çox yaxşı haldır”.

photo 2026 06 05 22 29 22 2 1

Aleksandr Alden

M.Brayza hesab edir ki, Aldenin etnik mənşəyinin Ermənistan və ya başqa bir ölkəyə aid olub-olmaması tamamilə əhəmiyyətsizdir:

“Mənim Azərbaycana səfir vəzifəsinə namizədliyim Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən ləngidildikdə, bu, bir çox amerikalı və mənim üçün təhqiramiz idi. Onlar həyat yoldaşım Türkiyədə anadan olduğuna görə Ermənistana qarşı qərəzli olacağımı iddia etdilər. Bu, Amerikalı dövlət qulluqçularının ölkələrinə necə xidmət etdiyinə o qədər primitiv və cəfəng bir yanaşmadır ki, hesab edirəm, cənab Aldenə qarşı etnik erməni əlaqələrinin olub-olmamasından asılı olmayaraq, eyni cür davranılmamalıdır. Bu, tamamilə əhəmiyyətsizdir.

Əslində, ailəsində bəlkə də Cənubi Qafqazın hansısa bölgəsi ilə müəyyən bir əlaqənin olması müsbət haldır, çünki bu, ümid edirəm ki, onun bu əhəmiyyətli bölgə üçün vacib olan tarixi, siyasi və iqtisadi amillər barədə müəyyən məlumata və həssaslığa malik olması deməkdir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: