israil 2

İsrail hökuməti 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanıyan qərarı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, müvafiq qətnamə Nazirlər Kabinetində yekdilliklə qəbul olunub.

Bununla da İsrail sözügedən qondarma hadisələri rəsmi olaraq tanımış ölkələr sırasına qoşulub.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib ki, İsrail hökumətinin “erməni soyqırımını” tanıyaraq parlamentin təsdiqinə göndərməsinin Türkiyəyə zərəri olmayacaq:

“Bir sıra dövlətin parlamenti “oxşar qərarlar” veriblər, bu nəyi dəyişib ki? İsrail hökuməti Türkiyə ilə münasibətlərin gərginliyi fonunda ədalətsiz qərar qəbul edib.

İsrail bu qərarıyla ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın Baş naziri Nikol Paşinyana ayı xidməti göstərib. Ermənistanın baş naziri “erməni soyqırımı” mövzusunu erməni cəmiyyətinə unutdurmağa çalışarkən, İsrail Paşinyanı devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirib”.

Politoloq qeyd edib ki, İsrail hökuməti bu qərarıyla tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb:

“Türkiyənin strateji müttəfiqi kimi Azərbaycan Tel-Əvivin “erməni soyqırımı” qərarını pisləmək məcburiyyətindədir. Əlbəttə, bu “tanınmanın” heç bir təsir gücü yoxdur və bir müddət sonra digərləri kimi unudulacaq. Sadəcə indiki şəraitdə bu “qərar” bölgədə sülhəməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: