Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südü ilə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Yəqin ki, çoxunuz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini xatırlayır. “Ana dili” deyərək şüuraltımıza hopan, ruhumuzda yaşayan, dilimizdən düşməyən bir şeir idi. Məgər bir uşaq üçün anadan əziz varlıq ola bilərmi? Yəqin ki, şair də məhz buna görə bizə danışdığımız dili “Ana dili” olaraq təqdim edir.
Anamızın dili…
Əslində, mesaj açıq-aydındır: ananı sevdiyin kimi dilini də sevməli, onu qoruduğun kimi dilini də qorumalısan!
Əks təqdirdə nə olar?
Dil ölərsə, xalq da ölər, dünyadan izi tozu silinər. Bəxtiyar Vahabzadənin başqa bir şeirində deyildiyi kimi:
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! –
Millət ölüb, dil yaşayır.
Bəli, latın xalqı bu gün dünyada yoxdur, amma dilləri var. Əsl ölümsüzlük məgər bu deyil?
Dilinin yaşaması…
Bu gün “Ana dili” günüdür. Son zamanlar çoxumuz belə bir günün varlığından xəbərsizik. Halbuki bizi biz edən, adımızı tarixə yazdıran, qorusaq, min illər boyu yaşadacaq bir dilin günüdür.
Tariximiz zəfərlər qədər fəlakətlərlə də zəngidir. Amma “xalqımızın başına gətirilən ən böyük fəlakət nədir” soruşsalar, “bir əsr ərzində 4 dəfə əlifbanın dəyişdirilməsidir” deyərəm. Bu elə bir fəlakətdir ki, yekunda 31 Mart qırğını, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Qarabağın işğalı qədər ağrılı nəticələrə səbəb ola bilərdi.
Torpaq işğaldan azad edilə, itkilərin yeri doldurula, tarixi ədalət bərpa oluna bilər, amma keçmişini oxuya bilməyən, tarixini unudan, zehniyyəti dəyişdirilən xalqın yaraları sağalmaz.
Əlifbamız bir əsrdə 4 dəfə dəyişdirildi. Özü də bu proses radikal, məsuliyyətsiz və ən önəmlisi qərəzli şəkildə aparıldı. Elə oldu ki, nəvələr babalarının qəbirlərinin üstünə yazılanı belə oxuya bilmədi. Düşünün, bu gün dünya üzərində olmayan bir xalqın dili yaşayır, amma sadə azərbaycanlı babasının qəbri üzərində yazılanı oxuya bilmir.
Dəhşətli mənzərədir…
Bu gün biz qalib xalqıq. Torpaqlarımızın işğaldan azad edilməsinin zəfərini, sevincini, qürurunu yaşayırıq. Amma yenə bir problemimiz qalır. Hazırda Azərbaycan dili rus dilinin ciddi basqısı altındadır. Vətəndaşlar övladlarının rus bölmələrində təhsil almasına çalışır. Bu hal ildən-ilə kütləviləşir. Biz ana dilində danışa bilməyən, öz dilini sevməyən nəslin yetişməsinə dəstək veririk. Bu, çox qorxulu tendensiyadır. Bunun açdığı yaraları, qarşımıza çıxaracağı problemləri 10-15 il sonra daha çox anlayacaq, görəcəyik.
Türkiyəli istiqlal şairi Mehmed Akifin gözəl bir sözü var: “Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın”.
Mən isə deyərdim: “Allah bu millətə bir daha əlifbasının dəyişməsini göstərməsin!”
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı