Azərbaycanda manata, dollara, avroya müəyyən edilən əmanət faizləri fərqlidir. Bu da istər-istəməz vətəndaşları seçim qarşısında qoyur. Yəni az faizlə xarici valyutada banka pul yerləşdirmək, yoxsa yüksək faizlə manatla əmanət?
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi sığorta məbləği, faiz dərəcəsi var:
“Milli valyutada əmanətlər 12 faizi ötməməlidir. Yəni bu hədd keçiləndə, əmanətlər sığortalanmır. Xarici valyutada isə bu rəqəm 2,5 faizdir. Əgər qoyulan dərəcəyə əməl edilməzsə, sabah bank bağlananda, müflis olanda Əmanətlərin Sığortalanması Fondu həmin vəsaitləri kompensasiya etmir. Həmçinin milli valyutada əmanətə daha çox faizin müəyyən olunması dövlətin siyasətidir. Biz valyutamızı qorumalıyıq. Ümumiyyətlə, bir sıra ölkələrdə xarici valyutada əmanətin sığortası yoxdur. Yəni onlar vəsaitlərin milli valyutada qoyulmasını tələb edirlər”.

Əkrəm Həsənov
İqtisadçı bildirib ki, son vaxtlar Azərbaycanda xarici valyutada əmanət faizləri bir qədər artıb:
“Banklar artıq sığortalanma həddindən də yuxarı faiz dərəcəsi ilə əmanətləri qəbul edirlər. Valyuta seçimi məsələsinə gəldikdə, əlbəttə, ilk baxışdan manatla əmanət yerləşdirmək daha sərfəlidir. Çünki faiz dərəcəsi daha yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, milli valyutanın devalvasiya təhlükəsi var və belə gözləntilərə görə, insanlar da qorxur. Bu baxımdan, qərarlar individualdır. Kimsə manatın xeyli müddət sabit qalacağına inanırsa, əmanətləri bu valyutada yerləşdirir. Amma inanmayanlar vəsaitlərini az faizlə xarici valyutada banka əmanət edir”.
Günay Rəsulqızı
Globalinfo.az