
Hər il olduğu kimi, bu il də 24 aprel yaxınlaşdıqca Ermənistanın “soyqırımı” kartını necə masaya qoyacağı sualı aktuallaşır. Ancaq bu dəfə vəziyyət fərqlidir, regionda güc balansı dəyişib. Ermənistan daxili və xarici proseslər fonunda artıq bu məsələni əvvəlki qədər sərt və emosional şəkildə gündəmə gətirə bilmir.
Türkiyənin son aylarda İrəvana münasibətdə müşahidə olunan nisbətən yumşaq jestləri – xüsusilə də Marqara sərhəd-keçid məntəqəsinin 10 günlüyünə açılması və kulisarxası diplomatik təmaslar Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini “erməni soyqırımı” məsələsində daha ehtiyatlı danışmağa vadar edib. Baş nazir son çıxışlarında bu iddianın 1950-ci illərdə Rusiya tərəfindən Türkiyəni sıxışdırmaq məqsədilə ortaya atıldığını vurğulayıb.
İrəvan “erməni soyqırımı” iddiasını bu dəfə də siyasi alver predmetinə çevirməyə cəhd göstərəcək? Türkiyə ilə münasibətlərin normallaşması naminə bu məsələ bir qədər arxa plana keçə bilərmi?
Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Barın deyib ki, Paşinyan son zamanlar guya “erməni soyqırımı” iddiasını özlərinin deyil, Rusiyanın gündəmə gətirdiyini deyərək, məsuliyyəti üzərindən atmağa çalışır:
“O, sanki bu iddialarla geri addım atır və Türkiyə ilə münasibətlərdə yaranmış gərginliyin səbəbini Rusiyaya bağlayaraq özlərini təmizə çıxarmağa çalışır. Paşinyan həm Türkiyə, həm də Azərbaycanla qarşıdurma yaşadıqca nələr itirdiyini və daha nələri itirəcəyini anlayıb. Ermənistan mətbuatında yüksək səviyyəli erməni diplomatın dediyi bir fikir diqqətimi çəkdi. O, ölkəsinin “Böyük Ermənistan” idelogiyasının arxasınca getməyə davam edəcəkləri təqdirdə, hətta İrəvanı da itirə biləcəklərini qeyd edib.
Dünyanın bir çox ölkəsi qondarma “erməni soyqırımı”nı tanıdı. Lakin ermənilər təxminən 50 ildir ki, tarixi həqiqətlərdən uzaq siyasi qərarların heç bir nəticə vermədiyini və verməyəcəyini görürlər. Eyni zamanda, rəsmi Bakı beynəlxalq məhkəmələrdə Ermənistana qarşı həm Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, həm də Qarabağda beynəlxalq hüquqa zidd olan işğala görə iddia qaldırıb. İrəvan hökuməti bu məhkəmə işləri fonunda öz dərdinə düşüb”.
Politoloq bildirib ki, Azərbaycanın iqtisadiyyatı illərdir dayanmadan böyüyür, Ermənistan isə xaricdən gələn yardımlarla güclə ayaqda qala bilib:
“Fakt budur ki, iflasa uğramış Ermənistan iqtisadiyyatının yeganə çıxış yolu Türkiyədir. Onlar üçün Avropaya çıxış nöqtəsi kimi də yeganə real yol məhz Türkiyədir. Əvvəlki dövrlərdə və xüsusilə 44 günlük müharibədə, “Azərbaycan üçün Türkiyə nədirsə, Türkiyə üçün də Azərbaycan odur”, – fikrinin iki ölkə üçün əsas götürüldüyü bir daha sübut olundu.

Həsən Barın
Rusiyaya sığınan Ermənistan artıq onun dəstəyindən uzaqlaşdığı üçün Bakı və Ankara ilə yaxşı münasibətlər qurmaq məcburiyyətindədir. Belə bir məqamda “erməni soyqırımı” məsələsinin adi pıçıltı ilə belə dilə gətiriləcəyinə inanmıram.
Azərbaycan mediasını yaxından izləyirəm. Marqara sərhəd-keçid məntəqəsinin açılmasını bəziləri “Türkiyə Azərbaycana xəyanət etdi” kimi əsassız, emosional və təkyönlü başlıqlarla təqdim etdilər. Halbuki, Türkiyə siyasi məsələlərlə insani məsələləri bir-birindən ayıracaq qədər həssas davranır. Hətta Qarabağ müharibəsindən sonra belə Ermənistanda baş verən zəlzələ ilə bağlı humanitar yardım göndərmişdi.
Marqara sərhəd-keçid məntəqəsinin 10 günlüyünə açılması da sadəcə Türkiyədən Suriyaya yardım çatdırılması ilə bağlıdır. Bu, həm insani, həm də müvəqqəti bir addımdır. Əgər belə olmasaydı, sərhəd yalnız 10 günmü açıq qalardı? Əksinə, daimi şəkildə açıq olardı. Bu addımda hansısa başqa siyasi mesaj olsaydı, Azərbaycan rəsmiləri və yüksək dairələri də açıqlama verərdi. Halbuki, onlardan ən kiçik bir açıqlama belə eşitməmişəm.
Az öncə qeyd etdiyim səbəblərə əsaslanaraq demək olar ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər sahədə daha da gücləndikcə, Ermənistan hər iki ölkə ilə münasibətləri normallaşdırmağa məcbur qalacaq. İrəvan hakimiyyətində kim olursa-olsun, bunu etməli olacaq”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəmində “erməni soyqırımını”nın tanınması, ya da bu istiqamətdə hər hansı bir təbliğatın aparılması yer tutmur:
Elxan Şahinoğlu
“Məsələ ondadır ki, Nikol Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Yaxşı bilir ki, keçmiş hakimiyyətlər kimi “erməni soyqırımı” üzərində dayanıb bu məsələni uzadarsa, Türkiyə ilə normallaşan münasibətlər yenidən pisləşəcək. Buna baxmayaraq, ermənilərdə “soyqırımı” günü liderlərin abidəni ziyarət edib əklil qoyması qaydası var. Bu, artıq dövlət protokolu kimi bir şeydir.
Ermənistan hakimiyyətinin “soyqırımı” siyasətindən imtina etməsi son olmayacaq. Erməni lobbisi və diasporu hakimiyyətdən fərqli olaraq müxtəlif ölkələrdə bu fikri təbliğ edir, proqramlarından geri durmur. Paşinyan əsasən bunun üzərinə düşünməli və qarşısını almalıdır”.
Turan Rzayev
Globalinfo.az