Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) və Ukraynaya qarşı açıqlamaları rezonans doğurub. Baş nazir Kiyevi Macarıstanda keçirilən seçkilərə müdaxilədə günahlandırır, həmçinin ölkəni kollektiv Qərb siyasətinə tam uyğunlaşdırmır. Orban Rusiya–Ukrayna müharibəsi ilə bağlı kəskin fikirlər səsləndirir və avropalı həmkarları ilə uzlaşmayan mövqe nümayiş etdirir.
Maraqlıdır ki, Orban və Macarıstan hökumətinin Azərbaycanla münasibətləri yaxşıdır. Budapeşt Türk Dövlətləri Təşkilatı (TDT) ilə yüksək səviyyəli əlaqələr saxlayır. Bütün bunlar onun regional və qlobal siyasətdə balanslı, lakin təkidli mövqe tutması kimi dəyərləndirilir.
Orbanın mövqeyi və fəaliyyəti Qərbin Rusiyaya qarşı birliyinə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Viktor Orban gənclik illərindən macar milliyətçisi kimi tanınıb:
“Macarıstanda hazırda populyar olan “Macarlar türkdür” düşüncəsi onun fəaliyyətlərinin nəticəsidir. Hazırda macar milliyətçiləri iki qrupa bölünür. Düzdür, Orban daha sonra konservativ meyilli olsa da, hakimiyyətə gəldikdən sonra macar milliyətçiliyini davam etdirdi.
Orban və onun milliyətçi qanadı əvvəldən bəri Avropa İttifaqı və ABŞ-a nifrətlə yanaşır. Hətta açıq şəkildə bunu ifadə etməkdən belə çəkinmirlər. Fikrimcə, Orbanın hazırkı fəaliyyəti gənclik illərindəki milliyətçi düşüncələri ilə eynilik təşkil edir. Açıq şəkildə görünür ki, ölkəsində Aİ-nin hakimiyyətini qəbul etmək istəmir. Yəni Budapeşt İttifaqa üzv olsa da, daxili işlərinə müdaxilə olunmasına qarşı çıxır.

Zeynal Əmrəliyev
Orban həmçinin ABŞ-ın Avropa ölkələrinin daxili işlərinə təsir göstərməsinin əleyhinədir. Heç cür istəmir ki, başqa ölkə Macarıstana müdaxilə etsin. Bu düşüncə onun Rusiya və Çin ilə yaxınlaşmasına gətirib çıxarıb. Ümumilikdə fəaliyyətindən belə görünür ki, Orban Qərbdən daha çox Şərqlə əməkdaşlıqda maraqlıdır”.
Turan Rzayev
Globalinfo.az