Bakını qoşunla hədələyən ölkə geri çəkildi – AŞPA hara kimi müqavimət göstərəcək?

Azərbaycan-İran münasibətlərində son zamanlar yaxınlaşma hiss edilir. İki ölkə səfirliyimizin yenidən fəaliyyətə başlamasına dair razılığa gəlib. Bəzi ekspertlər hesab edir ki, İranla paralel AŞPA ilə də münasibətlər normallaşmalıdır.

Tehranla müəyyən normallaşma fonunda Avropa ilə münasibətlər nə vaxta kimi gərgin qala bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Aytən Qurbanova deyib ki, xarici siyasət prioritetlərimiz arasında hər zaman ifadə etdiyimiz bir önəmli istiqamət var:

“Bu da bütün dövlətlərlə və beynəlxalq institutlarla münaqişəli vəziyyətlərə rəvac vermədən əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Təəssüf ki, bu istək birtərəfli qaydada yalnız bizim tərəfimizdən xoş niyyət ifadəsi olaraq təcəssüm etdikdə, bəzən ikitərəfli və ya çoxtərəfli münasibətlərin gərginləşməsi qaçılmaz olur. Xüsusilə də, məkrli maraqlarını gizlətməyərək əsassız iddialarla çıxış edən tərəflərlə belə gərginliklər hər zaman üçün gözlənilən olur.

Cənub qonşumuzla münasibətlərimiz də bu kontekstdə dəyərləndirildikdə, son zamanlarda münasibətlərin kəskinləşməsinin əsas məsuliyyəti birmənalı şəkildə İranın siyasi hakimiyyətinin üzərinə düşür. Ona görə də münasibətlərin normallaşması da birbaşa olaraq İranın Azərbaycan ilə bağlı mövqeyini ədalətli və qərəzsiz şəkildə ifadə etməsindən asılı idi. Nəhayət ki, səfirliyimizə qarşı terror hücumunun icraçısının ədalətli mühakimə prosesinin həyata keçirilməsi, ərazi bütövlüyümüzü hədəf alan çıxışlardan çəkinmə və bir sıra müsbət addımlar səfirliyimizin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərarın verilməsini mümkün etdi.

Bundan sonrakı mərhələdə də qarşılıqlı etimadın bərpa olunması ilə bağlı İran tərəfinin belə konstruktiv mövqe nümayiş etdirməsi gözləniləndir. Amma təəssüflər olsun ki, bugün birləşmiş Qərb eyni konstruktiv mövqeyə sahib deyil, əksinə, olaraq qərəzli və əsassız çıxışlar və iddialar davam etməkdədir. Belə olan halda isə biz nəinki AŞPA ilə münasibətlərin sürətli şəkildə normallaşması ilə bağlı müsbət gözləntilərə sahib ola bilmirik, hətta bu təşkilata üzvlüyümüzün davam etdirilib-etdirilməməsi məsələsi belə əsas müzakirə mövzularından birinə çevrilə bilir”.

Turan Rzayev
Globalinfo.az