İçərişəhərdə şortik geyinən gənclə orta yaşlı kişi arasında yaşanan insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bakıda şortiklə bağlı mübahisələr tez-tez gündəmə gəlir və sakinlər arasında məişət zəminində münaqişələrə səbəb olur.
Bəs ictimai yerlərdə insanların geyiminə müdaxilə etmək, irad bildirmək və ya təzyiq göstərmək nə dərəcədə doğrudur?
Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, ictimai yerlərdə geyim seçimi ilk növbədə fərdi azadlıqlar və şəxsi sərhədlərlə bağlı məsələdir:
“İnsanların geyiminə görə onlara irad tutulması, təzyiq göstərilməsi və ya aqressiv münasibət sərgilənməsi psixoloji baxımdan sağlam ünsiyyət forması hesab edilmir. Cəmiyyətdə müxtəlif nəsillərin, sosial qrupların və dəyərlərin mövcudluğu səbəbindən geyimlə bağlı fərqli baxışlar normaldır. Lakin hər hansı şəxsin geyim tərzi başqalarına birbaşa zərər vermədiyi halda, onun seçiminə hörmətlə yanaşmaq vacibdir. Fərqli düşüncələr dialoq və qarşılıqlı anlayış yolu ilə ifadə olunmalıdır, qınaq və ya təhqir yolu ilə deyil”.
Zeynəb Əyyubova
Psixoloqun sözlərinə görə, belə mübahisələrin əsas səbəblərindən biri ənənəvi dəyərlərlə müasir həyat tərzi arasında yaranan baxış fərqləridir:
“İnsanlar bəzən öz norma və dəyərlərini başqalarına tətbiq etməyə çalışırlar. Bu isə sosial gərginlik yaradır və qarşıdurmaları artırır. Psixoloji baxımdan sağlam cəmiyyət fərqlilikləri qəbul etməyi, şəxsi seçimlərə hörmət göstərməyi və fikir ayrılıqlarını qarşılıqlı ehtiram çərçivəsində müzakirə etməyi bacaran cəmiyyətdir. Geyim seçimi üzərindən insanın şəxsiyyətini, əxlaqını və ya dəyərini qiymətləndirmək düzgün yanaşma deyil. Bu səbəbdən ictimai yerlərdə geyimə görə insanlara təzyiq göstərilməsi və ya onları hədəfə çevirmək əvəzinə, tolerantlıq, qarşılıqlı hörmət və fərdi azadlıqlara sayğı prinsiplərinin ön plana çəkilməsi daha məqsədəuyğundur”.
Zaira Akifqızı
Globalinfo.az