yanginsondurən2

Bu gün saat 04:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub.

Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku, 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku, 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı və 1974-cü il (qadın cinsli) sifətin, hər iki said əllərin, hər iki yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.

***10:00

Bakıda fərdi yaşayış evində partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 210 kv.m. və evin yanar hissələri 100 kv.m. sahədə yanıb, 5 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Paylaş: