Bakıda ev sahibi kirayənişini niyə bıçaqladı? – “Dedim, sən get, arvadın qalsın”

Ötən il iyulun 30-da Bakı şəhər Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində evində kirayə yaşayan Elvin Xəlilovu bıçaqlayan 1981-ci il təvəllüdlü Emin Məmmədovun məhkəməsi başa çatıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən Emin özünü törətdiyi əmələ görə təqsirli bilib. O qeyd edib ki, həmin gün saat 12 radələrində evində kirayədə yaşayan Eminin qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Məryəmlə dalaşdığını görüb və onları sakitləşdirməyə çalışıb:

“Mən onların mübahisəsinə qarışaraq Elvinə getməsini dedim, Elvin də həyətdən çıxdı, qapını arxadan bağladm. Bir qədər sonra Elvin yenidən geri qayıtdı və onunla birgə yaşayan Məryəm qapını açdı. Mən də həyətə çıxdım və Elvinlə aramızda əlbəyaxa dava yarandı. Mən Elvini evdən çıxardığıma görə Elvin birinci olaraq məni vurdu. Mən Elvini Məryəm ilə mübahisə etməməsi üçün evdən çıxarmışdım. Məryəmin isə getməyə yeri olmadığı üçün onu evdən çıxarmamışdım. Elvin məni vurduğu zaman qarşılıq verdim. Yumruq davasından sonra həyətdən küçəyə çıxdıq. Sonra hirslənib həyətdə olan qarpızın üzərindəki bıçağı götürdüm. Elvin məni daşla vurdu, mən də onu bıçaqladım”.

Hadisə zamanı döş qəfəsindən və budundan ağır xəsarətlər alan Elvin xəstəxanaya yerləşdirilib. O, məhkəmə prosesində Eminlə barışdığını və ondan şikayətinin olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə Emin Məmmədov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az