1544781338

Xəbər verdiyimiz kimi, Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb. Belə ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Onlardan biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun tikintisidir.

Bu yolun üstünlüyü nədir? Yeni layihənin icrası ilə Bakı yollarında hansı dəyişikliklər gözlənilir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hazırda Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə iki istiqamətdə yeni yolların çəkilişi aparılır, əlavə olaraq bir neçə yolun da inşası nəzərdə tutulur:

“Bu layihələr yollar arasında əlaqənin daha rahat və maneəsiz qurulmasına xidmət edir. Belə layihələrdən biri də Ağ Şəhər istiqamətində salınan yoldur. Artıq bir neçə aydır ki, həmin ərazidə işlər davam etdirilir. Məlumdur ki, nəqliyyat sıxlığının əsas yaranma nöqtələrindən biri Babək prospektinin giriş hissəsidir. Belə ki, Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücülərin əksəriyyəti Ağ Şəhər dairəsindən Babək prospektinə keçirlər. Nəticədə oranın geri dönmə hissəsində xaos yaranır və sürücülər dolayı yollarla hərəkət etmək məcburiyyətində qalırlar. Eyni vəziyyət Yusif Səfərov küçəsi istiqamətində də müşahidə olunur. Sürücülər ya bu küçədən, ya da “Excelsior” otelinin yaxınlığından geri dönərək Heydər Əliyev prospektinə çıxmağa çalışırlar ki, bu da əlavə sıxlıq yaradır”.

elmeddin45

Elməddin Muradlı

Ekspert bildirib ki, mövcud problemin aradan qaldırılması üçün yeni həll yolu təklif edilib:

“Babək prospektindən Ağa Nemətulla küçəsinə birbaşa çıxışın yaradılması nəzərdə tutulur. Bu yol “Çanaqqala” restoranı ərazisinə qədər uzanacaq. Eyni zamanda “Excelsior” otelinin qarşısında yolun genişləndirilməsi planlaşdırılır ki, Babək prospektindən Heydər Əliyev prospektinə bir deyil, iki zolaqla birbaşa çıxış mümkün olsun. Babək prospekti hazırda əsas düyün nöqtələrindən birinə çevrilib və Heydər Əliyev prospekti ilə birləşən hissədə ciddi nəqliyyat problemləri yaranır. Yeni yol müəyyən qədər müsbət təsir göstərəcək, lakin sıxlığın tam aradan qaldırılması üçün paralel şəkildə əlavə infrastruktur işlərinin görülməsi də vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: