Azərbaycanlılar Xocalıya gəldi: ermənilər təşvişdə, Xankəndi qarışdı

Azərbaycanın ötən gün Laçın dəhlizinin bir qismində yoxlamalar aparması Xankəndidəki separatçılar arasında təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, separatçıları daha çox narahat edən İrəvanın Bakının həmləsinə reaksiya verməkdən imtina etməsi olub. Bu isə öz növbəsində separatçılarla İrəvan arasında son bir neçə ayda gərginləşən prosesi kuliminasiya nöqtəsinə çatdırıb.

Baş verənlər fonunda Ruben Vardanyanın ətrafında toplanan komandanın aktivliyi artıb. Moskvaya bağlı olan komanda nümayəndələri Bakının addımlarının onları daha da çətin vəziyyətə salacağından ehtiyat edərək açıq ittihamlar səsləndirməyə başlayıblar.

“Ermənistan hökumətinin baş verənlərə reaksiya verməsi bizi təəccübləndirərdi. Onlar özlərini çoxdan elə aparırlar ki, sanki Qarabağa heç bir aidiyyətləri yoxdur. Baxın, görün Ermənistanla Qarabağın fəaliyyət stillərində nə qədər çox paralel var. Ən yaxşı halda, yəqin ki, Mirzoyan bazar ertəsi işə qayıdanda qısa şərhlə kifayətlənəcək və ya Nikol Paşinyan öz-özünə verdiyi intervüdə bu barədə çıxış edib bizi hər şeydə ittiham edəcək. Bu hakimiyyətdən heç nə gözləməyə dəyməz”, – qondaram “deputat” Metakse Akopyan bildirib.

Separatçıların keçmiş “hərbi nümayəndəsi” Senyor Asratyan isə öz feysbuk səhifəsində Qarabağdakı separatçı-terrorçu rejimin tezliklə yox olacağı ilə bağlı fikirlərini bölüşüb:

“Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi çoxgedişli hərbi-siyasi kombinasiyanın bir hissəsidir. Bakı-Ankara tandemi bu addımla təkcə Naxçıvanla quru əlaqəsi yaratmağı məqsəd güdmür, həm də İrəvanla yaranan narazılıq fonunda digər strateji hədəflərinə – Laçın dəhlizinin qapadılmasına və Qarabağın blokadaya alınmasına çalışır. İkinci erməni dövlətinin blokadası bitəndə kombinasiyanın birinci mərhələsi yekunlaşacaq, düşmən növbəti, amma sonuncu olmayacaq mərhələnin – Zəngəzur dəhlizinin açılması əməliyyatına başlayacaq. Bizim ölkənin rəhbərliyinin belə şəraitdə hansı addımları atdığını İrəvanda Yeni il ərəfəsində aparılan hazırlıq işlərindən görmək olar”.

Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdəki yataqlarda yoxlamaların aparılmasına başlayıblar. Yoxlamalara səbəb Azərbaycana aid yataqlardan separatçıların qanunsuz istifadəsinə dair ortaya çıxan məlumat olub. Eləcə də həmin müddət ərzində Laçın dəhlizində bir neçə saatlıq qapanma qeydə alınıb.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

İlkin
Globalinfo.az