tural abbasli
Tural Abbaslı

“Adamın o zaman da, indi də dediklərini ciddi qəbul etmirəm. Çünki o, tibb yox, İT üzrə mütəxəssisdir. Ümumiyyətlə, koronavirusda onun adının önə çıxması mənə hələ də qaranlıq qalır. Ağlı başında olan insanlar da qeyd edirdi ki, tətbiq olunan məhdudiyyətlər lazımsızdır. İqtisadiyyatlar çökdü, dövlətlər zəiflədi, bir çox insanların isə yaşam tərzi dəyişdi”.

Bu sözləri Globalinfo.az-a AĞ Partiya başqanı Tural Abbaslı “Microsoft”un qurucusu Bill Qeytsin pandemiya zamanı vaksinlənmənin yanlış olduğu fikrini şərh edərkən deyib.

T.Abbaslı iqtidara çağırış edib:

“İqtidarı çağırıram ki, Bill Qeytsi biz ciddiyə almasaq da, onlar ciddiyə alsınlar. Sərhədləri açsınlar, uzadılan karantin müddətini ləğv etsinlər, insanların normal yaşayışa geri dönməsini təmin etsinlər. Dünya artıq növbəti pandemiyaya hazırlaşır, amma Azərbaycan hələ də koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasında tərəddüd edir”.

Tural Abbaslı dünyada baş verən hadisələrin təsadüf olmadığını bildirib:

“Təbii ki, burada hansısa dairələrin marağı var. Kimlərsə varlandı, kimlərsə kasıbladı. Onsuz da Covid-19 haqda ən məşhur ifadə də odur ki, “varlılar daha da varlandı, kasıblar daha da kasıblaşdı”. Düşünürəm ki, pandemiya məsələsinə Azərbaycan yekun vurmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: