Azərbaycan şəhərində 170 manat alıb Ermənistan bayrağı qaldıranlar kimlərdir? – FOTOLAR

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhərindəki erməni milyarder Ruben Vardanyan ölkəmizə qarşı aksiya təşkil edib. Guya Qarabağda “etnik təmizləmə”, “blokada” var. Erməni mediası aksiyadan fotolar yayıb. Fotolara diqqətlə baxdıqda bunun təşkilatlanmış, hazırlanmış aksiya olduğu görünür:

1. İştirakçıların demək olar ki, 95 faizi gənclərdir. Əgər söhbət hansısa “blokadadan” gedirsə, bəs hanı orta yaşlı və ahıl sakinlər? “Blokada” onlara təsir etmir?

2. Mitinq iştirakçılarının böyük hissəsi, təxminən, eyni geyimdə olublar. Adətən, belə hallar hansısa futbol matçında olur. Azarkeş qruplarını əvvəlcədən təlimatlandırırlar, onlara eyni rəngli geyim paylayırlar. Sanki bu yazılmamış qanunauyğunluq Vardanyanın mitinqində də gözlənilmişdi.

3. Biz görmüşük aksiyada, mitinqdə üz-gözündən əzab-əziyyət yağan, əliqabarlı, başıyaylıqlı qocalar, ağızlarından od püskürən gənclər iştirak edib qəzəblərini, etirazlarını göstərsinlər. Vardanyanın mitinqinə qatılan ermənilər elə bil məktəbdə “Son zəngi” qeyd edirlər. Yəni aksiya-filan onların vecinə deyil, pullarını alıb, şəkillərini çəkdirirlər.

4. Erməni mənbələri zaman-zaman yazır ki, Vardanyan hansısa aksiya keçirəndə və ya addım atanda insanları pul qarşılığında öz tərəfinə çəkir. Məsələn, imzatoplama kampaniyasında hər imza atana 100 dollar verdiyi deyilirdi. İddia edilir ki, Vardanyan bu mitinq iştirakçılarını da özü seçib və onların hər birinə pul vədi verib. Yəni həmin mitinqə qatılanlara 100 dollar, ermənilərin yaxın gələcəkdə istifadə edəcəkləri valyuta ilə desək, 170 manat verilib.

Vardanyanın belə bir addım atmasına səbəb Xankəndidə onun o qədər də sevilməməsidir. Çünki Qarabağdakı ermənilər məhz Vardanyanın gəlişindən sonra əziyyət çəkməyə başladılar.

Bütün bəndləri ümumiləşdirəndə belə nəticəyə gəlmək olur ki, Xankəndidə – Azərbaycanın mərkəzində 170 manat alıb Ermənistan bayrağı və “əsgi parçası” qaldıranların cəmiyyətimizə reinteqrasiyayası o qədər də çətin olmayacaq. Sərsəng su anbarını qurudan, müharibədən sonra taxıl, üzüm və digər təsərrüfat, heyvandarlıq sahələrini itirən, iqtisadi baxımdan böhran yaşayan, Laçındakı keçid məntəqəsinə möhtac olan Qarabağ erməniləri gec-tez Azərbaycana üz tutmaqdan başqa yolları olmadığını və bunun onlar üçün ən doğru qərar olduğunu anlayacaqlar.

Düyməsi Kremlin əlində olan, robot kukla kimi ona verilən təlimatları icra edən marionet Vardanyanın isə bir gün “Xankəndidən gecə saatlarında çıxıb və bir daha geri qayıtmayıb” xəbərini oxuyacağıq. Rəsmi Bakı müharibədən sonra Xankəndi şahmat taxtasında çətin və bir o qədər də sərrast gedişlər edib. Proses uğurla davam edir.

Yox, əgər iş şanlı Azərbaycan Ordusuna qalsa, bu gün 170 manata erməni bayrağı qaldıranlar ağlayıb-yalvararaq ağ bayraq qaldırmağa məhkum olacaqlar.

Tamerlan Yayaqan
Globalinfo.az