“Azərbaycanın dostu” Fransanı xilas etmək üçün mübarizəyə başlayır

Fransanın keçmiş prezidenti Fransua Olland parlament seçkisinə qatılmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, o özünün Sosialist Partiyasından namizədliyini vermək niyyətindədir.

“Situasiya çox ciddi olduğu üçün bu qərarı verdim. Ona görə ki ifrat sağçıların kəsb etdiyi təhlükə artıq daha açıq forma alır. İfrat sağçılar heç vaxt bu qədər hakimiyyəti əldə etməyə yaxın olmayıblar”, – o bildirib.

Qeyd edək ki, Fransua Olland 2012-2017-ci illərdə Fransa prezidenti olub. Prezidentliyə namizədliyi dövründə Azərbaycana qarşı çıxışlar etsə də, prezidentliyi dönəmində bu vəziyyət dəyişib. Məhz onun hakimiyyəti dönəmi Azərbaycan-Fransa münasibətlərinin ən yaxşı zamanlardan biri kimi xarakterizə edilir. Olland prezident ikən Bakıda olub və məhz həmin dövrdə Bakıda Fransa-Azərbaycan məktəbi, eləcə də universitetinin təməlləri atılıb.

Fransada növbədənkənar parlament seçkisi iyunun 30-na təyin edilib. Hazırkı prezident Emmanuel Makron Avropa Parlamentinə seçkidə partiyasının sarsıdıcı məğlubiyyətindən sonra bu addımı atıb. Bu seçkidə Fransada əsas üstünlüyü ultrasağçı Milli Birlik Partiyası qazanıb.

Əliyar Xəlil
Globalinfo.az