İrəvan və Paris Fransanın “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Lakin bu texnikaların hansı marşrut vasitəsilə daşınacağı ilə bağlı dəqiq məlumat yoxdur.
“Sezar”lar Ermənistana hansı yolla göndəriləcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, Fransa istehsalı olan Sezar özüyeriyən haubitsialar Ermənistana Rusiya, Gürcüstan, İran və Türkiyə istiqamətindən daxil ola bilər:
“Ermənistana həmin istiqamətlərdən giriş yolları var. Lakin Türkiyə ilə əlaqələr və sərhədlər bağlı olduğu üçün bu variant avtomatik olaraq gündəlikdən çıxır. Rusiya ərazisindən Ermənistana birbaşa yol olmadığından Gürcüstan vasitəsilə İrəvana ötürülə bilər. İran ərazisindən körfəzə, buradan da Ermənistana silahların göndərilməsi mümkündür. Çünki əvvəllər də İran ərazisindən müxtəlif silah-sursatlar Ermənistana ötürülüb. Eləcə də 44 günlük Vətən müharibəsi dövründə Rusiya hərbi texnikası İran ərazisindən İrəvana göndərilmişdi. Hindistandan göndərilən texnikalar da İran ərazisindən keçib”.

Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, Gürcüstanda mövcud siyasi vəziyyət hərbi texnikaların bu ərazidən Ermənistana ötürülməsinə mane olur:
“Rusiya-Ukrayna müharibəsinə görə, Qara dəniz hazırda dünyanın təhlükəli bölgələrindən birinə çevrilib. Bu baxımdan “Sezar”ların həmin istiqamətdən keçməsi riskli sayılır. Ən optimal yol İrandır.
Silah tədarükü qanunidir, qaçaq sayılmır. Ermənistana silah almasına dair sanksiya tətbiq edilməyib. Ona görə ordunun silahlanması mümkündür. Eyni zamanda İrəvan və Paris arasında məsələ ilə bağlı razılaşma da var”.
Globalinfo.az xatırladır ki, Fransanın Ermənistana silah satışı birmənalı qarşılanmır. Bu, rəsmi Bakının ciddi etirazına səbəb olub. Əksər rəylərdə bildirilir ki, Fransanın sözügedən addımı Cənubi Qafqazda sabitliyi pozmağa və sülh prosesini zədələməyə yönəlib.
Ötən gün amerikalı keçmiş həmsədr Ceyms Uorlik də mövzuya dair fikrini bildirib. Deyib ki, Fransa Ermənistana silah satmaqla Azərbaycanı qıcıqlandırır.
“Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var. Lakin biz sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni təxribatçı element rolunu oynayır” – Uorlik bildirib.
Safura Bənnayeva
Globalinfo.az