Azərbaycan bu əraziləri işğaldan azad edir – hərbi ekspertdən şok məlumatlar

Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən son insident sonrası separatçılara qarşı Azərbaycanın antiterror əməliyyatına başlaya biləcəyi fikirləri tez-tez səslənməyə başlayıb.

Beynəlxalq hüquqa görə, rəsmi Bakının belə bir hüququ olsa da başda Qərb olmaqla bir çox ölkə bu məsələdə Azərbaycana təzyiq etməkdən geri durmur.

Maraqlıdır, rəsmi Bakı bütün təzyiqlərə baxmayaraq separatçıların məskunlaşdığı ərazilərdə antiterror əməliyyatı keçirib, onları məhv edə bilərmi? Xankəndini, Xocalını, Ağdərəni və s. kənd və şəhərləri azad etmək bu qədər asan və ya o qədər çətindirmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, bu məsələdə beynəlxalq hüquq bizim yanımızda olsa da, böyük güclərin geosiyasi maraqları hüququn aliliyinin önünə keçir:

Qabil Hüseynli

“Prinsip etibarilə Azərbaycan bu münaqişənin başından bəri belə bir hüquqa sahibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini də əsas götürərək rəsmi Bakı işğal altındakı torpaqları azad edə bilərdi. Lakin biz bunun 2020-ci ildə 44 günlük müharibə sonrası baş tutduğunun şahidi olduq.

Azərbaycanın bu qədər gözləməsinin səbəbi məhz münasib geosiyasi vəziyyətin yaranması idi. 44 günlük müharibənin baş verdiyi il həm Rusiyanın həm, ABŞ-nın, həm də Fransanın daxili və xarici siyasəti olduqca qarışıq idi.

Hesab edirəm bu gün də sizin qeyd etdiyiniz kimi antiterror əməliyyatlarına başlanılması üçün də tələsməməli, münasib geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Təəssüf ki, hər şey beynəlxalq hüquqla həll edilmir. Güc prinsipi hər şeydən öndədir”.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə Azərbaycan 10 Noyabr bəyanatı ilə torpaqlarını işğaldan azad etdi:

Ədalət Verdiyev

“Torpaqlarımızın böyük bir hissəsi hərbi güc yolu ilə, qalan hissəsi isə bəyanatın tələblərinə görə işğaldan azad edildi. Lakin münaqişə sonrası bəzi etnik problemlər qalmaqdadır. Hansı ki, onların həlli müəyyən vaxt tələb edir.

Nəzərə almaq lazımdır ki, erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası bu tezlikdə mümkün deyil. Bunun üçün bir zamana ehtiyac var. Digər tərəfdən bu məsələdə Rusiya kontingenti də kifayət qədər fəaliyyətsizlik nümayiş etdirir. Aydındır ki Rusiya kontingenti regionda qalmaq və daha çox pul qazanmaq üçün əlindən gələni edir.

Azərbaycan əgər bu gün Göyçə gölünün ətrafına bayraq sancıbsa Şuşada, Kəlbəcərdə, Zəngilan və Hadrutda, digər işğaldan azad edilən ərazilərdə yenidənqurma işlərinə başlayıbsa, İrəvan Qafan yolunu nəzarətə götürübsə, demək, Xankəndi və ətraf əraziləri də nəzarətdə saxlamaq problemli deyil.

Son gülər baş verən hadisələr isə Azərbaycanın Rusiya sülhməramlıların nəzarətindəki əraziləri separatçılardan təmizləməsi üçün münbit şərait yaradır. Yaxın günlər ərzində Fərruxda, Sarıbabada keçirdiyimiz əməliyyatların Ağdərədə, Xocavənddə keçirilməsini gözləyirik.

Turan Rzayev
Globalinfo.az