Azərbaycanda yüksək vəzifələr müsahibəyə çıxarıldı

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsidir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Globalinfo.az-a verilən məlumata görə, ümumilikdə Energetika Nazirliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 1 və Diasporla İş üzrə Dövlət Komitəsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanınaçıxarılıb.

Daxili müsahibədə müvafiq vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 12 iyul 2023-cü il tarixindən 26 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.