Azərbaycanda tələbə oğlan anasının yazışmalarını tutdu – Ölümcül hala saldı

Ağdamda 22 yaşlı tələbə oğlan anasını bıçaqlayıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Çəmənli kəndində baş verib. Həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü, Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsi Toğrul Ağazadə anası Zeynəb Ağayevanı (ad və soyadlar şərtidir) bıçaqlayaraq ağır xəsarət yetirib.

22 yaşlı oğlan barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. İstintaq zamanı məlum olub ki, o, anasını qısqanclıq zəminində bıçaqlayıb. Belə ki, Toğrul Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anasının Elgün adlı avtobus sürücüsü ilə gizli sevgi yaşamasını müəyyən edib. O, anasına məxsus telefonda onların sevgi mesajlarını görüb və anasının atasına xəyanət etdiyini düşünüb. Bundan sonra Toğrul əsəbi halda evdə heç kimin olmadığı vaxt bıçaqla anasına ağır zərbələr endirib.

Qadın xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

Toğrulun barəsindəki işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılıb. Məhkəmədə qadın oğlunu bağışladığını bildirib, həmçinin Toğrulun ifadəsini təsdiq edərək Elgünlə işə gedib gələrkən tanış olduğunu, aralarında isti münasibətlərin yarandığını deyib.

O, övladına yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin 26 dekabr 2022-ci il tarixli hökmü ilə Toğrul Ağazadəyə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və Toğrul dekabrın 26-da məhkəmə zalından azadlığa buraxılıb.

Malik
Globalinfo.az